Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycan və Türkiyəni ayırmaq istəyən qüvvələr erməni kartından daha çox istifadə edirlər". Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyüxlsilam Hacı Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
QMİ sədri qeyd edib ki, bu gün ermənilər dünya ictimaiyyəti qarşısında yalançı göz yaşları axıdaraq uydurma "soyqırım"larını dünyaya təlqin etməyə çalışırlar: "Halbuki Azərbaycan torpaqlarında azərbaycanlıların başına gətirilən Xocalı soyqırımı, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu kimi vəziyyətlərdə Türkiyə həmişə Azərbaycan xalqının yanında olub".
A.Paşazadə bildirib ki, ermənilər əsrlər boyu türklərə qarşı soyqırımlar həyata keçiriblər: "Amma bu gün dünyaya yalandan car çəkirlər ki, soyrırıma məruz qalmışıq. Həmişə olduğu kimi indi də ermənilərin əməlləri ilə sözləri üst-üstə düşmür".