...

Bəxtiyar Əliyev: Avropa Parlamenti qondarma ittihamlarla Azərbaycana təzyiq göstərməyə çalışır

Siyasət Materials 10 İyun 2015 12:07 (UTC +04:00)
“İstər Avropa Parlamentində, istərsə də digər beynəlxalq təşkilatlarda antiazərbaycan kampaniyasının bir məqsədi var. Bu, Azərbaycana müəyyən təzyiqlər göstərmək, müəyyən dividentlər əldə etmək və eyni zamanda Azərbaycanın dünyada güclənən mövqeyini zəiflətməkdir”.
Bəxtiyar Əliyev: Avropa Parlamenti qondarma ittihamlarla Azərbaycana təzyiq göstərməyə çalışır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"İstər Avropa Parlamentində, istərsə də digər beynəlxalq təşkilatlarda antiazərbaycan kampaniyasının bir məqsədi var. Bu, Azərbaycana müəyyən təzyiqlər göstərmək, müəyyən dividentlər əldə etmək və eyni zamanda Azərbaycanın dünyada güclənən mövqeyini zəiflətməkdir".

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı keçiriləcək dinləmələrə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, burada ikinci məsələ isə Ermənistanın təcavüskar siyasətini gizlətmək, ona verdikləri dəstəyə don geyindirmək üçün daim çalışırlar ki, Azərbaycanla Ermənistanı eyniləşdirsinlər: "Yəni Azərbaycana qarşı hər hansı qondarma ittiham irəli sürməklə Azərbaycanla Ermənistanın mövqeyini bərabərləşdirsinlər və "Niyə Ermənistana sanksiya tətbiq etmirsiniz?" sualına avtomatik cavab versinlər. Şübhəsiz ki, bunlar hamısı süni şəkildə təşkil olunmuş məsələlərdir və həmin beynəlxalq təşkilatların qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə daban-dabana ziddir".

B.Əliyev qeyd edib ki, qarşılıqlı əməkdaşlıq belə olmur: "Qarşılıqlı əməkdaşlıqda, xüsusilə ilk dəfə tarixdə Avropa Oyunlarının keçirildiyi mərhələdə hamı birləşməlidir. Çünki burada dialoq üçün böyük bir imkan açılır. İdmançılar vasitəsilə siyasətçilər də bu proseslərə qoşulurlar. Cəmiyyətlər bir-birini tanıyır və ümumi bir məxrəcə gəlmək üçün fikir mübadiləsi aparmaq imkanı yaranır. Çox təəssüf olsun ki, bunu sözdə bəyan edirlər, amma əməldə əksinə, bu faydalı əməkdaşlığa hər zaman əngəl yaradırlar".

B.Əliyev sonra vurğulayıb ki, bu cür şər-böhtan kampaniyalarının heç bir təsiri olmayacaq, Azərbaycan müstəqil, demokratik bir dövlət kimi öz siyasətini davam etdirəcək və dünyada tutduğu öz layiqli yerini daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti