Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/
Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı (Aİ) ilə birgə layihəsi çərçivəsində seçkilərdə namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar treninqlərə başlanılıb.
MSK-dan Trend-ə verilən məlumata görə, Komissiyanın Aİ ilə birgə layihəsi çərçivəsində seçkilərdə namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbirlərinə başlanılıb.
2015-ci il avqustun 14-də Bakı şəhərində Park İnn hotelində keçirilən tədbirin açılışında MSK sədri Məzahir Pənahov və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iştirak ediblər.
MSK sədri və Aİ-nin səfiri qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluqla danışaraq, bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar MSK-nın Aİ ilə birgə əməkdaşlığı çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığını və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin daha da maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Sonra beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edilib ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi həyata keçirilən tədbirin bu mərhələsi dairə seçki komissiyaları üzvlərinin məlumatının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Layihə çərçivəsində həmçinin, namizədlərin qeydiyyatı proseduru ilə bağlı video klip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulub.
Avqustun 14-dən start götürən treninqlər Bakı, Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək və treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.