...

"Azərbaycanın geosiyasəti"

Siyasət Materials 14 Sentyabr 2015 14:32 (UTC +04:00)
İkinci mərhələ - 1993-1994-cü illərdə ABŞ və onun müttəfiqləri artıq fəal geosiyasət yürütməyə başlayırlar.
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

İkinci mərhələ - 1993-1994-cü illərdə ABŞ və onun müttəfiqləri artıq fəal geosiyasət yürütməyə başlayırlar. 2001-ci ilə qədər ABŞ NATO, Avropa Birliyi və Türkiyə ilə yanaşı ortaq maraqlar əsasında bölgədə bəzi yerli tərəfdaşlar- Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və s. kimi qərbyönümlü siyasət yürüdülən ölkələrlə birlikdə hərəkət etməyə başlayır.

Üçüncü mərhələ 2001-ci ildən başlayır və Barak Obamanın hakimiyyətə gəlişinə qədər davam edir. Müəllifin yazdığına görə, bu mərhələdə ABŞ və NATO Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsi, Orta Asiyada fəal hərbi geostrateji fəaliyyətə və təhlükəsizlik siyasətinə başlayır. Fikir verdinizsə bu mərhələdə söhbət yalnız "hərbi-geostrateji"dən gedir. Birinci iki mərhələdə geosiyasi və geoiqtisadi baxımdan möhkəmlənən ABŞ artıq bölgədə hərbi-geostrateji siyasət yürüdür. Bu da bu məkandan Rusiyanı tədricən sıxışdırmaq siyasəti davam etdirilir.

Bu mərhələdə ABŞ və NATO öz diqqətini bölgənin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, NATO-nun bölgə ölkələri hesabına Şərqə doğru genişləndirilməsinə və s. yönəldir. Cənubi Qafqaz, Qara dəniz hövzəsi və Orta Asiya ölkələrinin "Fərdi tərəfdaşlıq proqramı" çərçivəsində NATO və blok üzvü olan əsas müttəfiq dövlətlərlə hərbi geostrateji əlaqələrini yaradır, alyansın bölgədə hərbi geostrateji cəhətdən möhkəmlənməsinin qayğısına qalır.

Nəhayət, dördüncü mərhələ 2008-ci ildən günümüzə qədər davam edir. Bu barədə Əli Həsənov yazır: "ABŞ-ın təhlükəsizlik siyasətində müasir dövr kimi xarakterizə edilə biləcək dördüncü mərhələ, analitiklərin fikrincə, Barak Obamanın 2008-ci ildə hakimiyyətə gəlişindən sonra başlanır. Bu dövrdə ölkənin regional siyasətində, Milli Təhlükəsizlik Strategiyasında əsaslı dəyişikliklər edilmiş və onun çoxstandartlığı bir qədər də gücləndirilmişdir. 26 may 2010-cu ildə dərc olunaraq rəsmi elan edilmiş həmin sənəddə Corc Buş administrasiyasının 2002-ci ildə qəbul etdiyi təhlükəsizlik strategiyasının "milli təhlükəsizliyin təmin olunması naminə, lazım gələndə bütün dünyada əksər təhlükə mənbələrinə hücumetmə" prinsipindən tam imtina edilmiş, ölkənin planetar sülhyaratma və ABŞ-ın təhlükəsizliyini qoruma siyasətinə əsaslı düzəlişlər olunmuşdur". (Bax. S. 270)

Amma yeni doktrinanın qəbul olunmasına baxmayaraq ABŞ yüz ildən çoxdur yürütdüyü "ikili siyasət" prinsipindən əl çəkməyib, yəni "dovşana qaç deyir, tazıya tut". Məsələn Ermənistan tərəfindən ilhaq olunmuş Azərbaycan əraziləri haqqında BMT-nin qəbul etdiyi dörd qərarın həyata keçirilməsinə ABŞ hətta səy belə göstərmir. Nəzərə alaq ki, ABŞ-ın nümayəndəsi ATƏT-in Qarabağ problemi ilə bağlı yaartdığı üç ölkədən biri olan Minsk qrupunun üzvüdür. ABŞ Fransa və Rusiya ilə yanaşı iyirmi ildən çoxdur ki, guya Qarabağ probleminin həlli ilə məşğul olsalar da, bütün tərəflərə münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verirlər. Onlar faktiki olaraq sülh danışıqlarında işğalçı tərəflə təcavüz olunan tərəfi eyniləşdirir, bəzən isə ədalətsiz olaraq Azərbaycan tərəfin güzəştə getmək istəyində olurlar. Təəssüflər olsun ki, bu siyasət hələ də davam edir.

Yaxud Azərbaycanın ictimai təşkilatın və ya hər bir jurnalistin məişət səviyyəsində hər hansı problemi, ya münaqişəsi yaranarsa, dərhal ABŞ, ona yaxın olan qeyri-hökumət təşkilatları bəyanat verir, ölkəmizi, dövlətimizi demokratiyanın inkişafına əngəl törətməkdə suçlayırlar. Amma Ermənistan parlamentində terror baş verir, deputatları güllələyirlər, yaxud küçədə etiraz edib mitinq keçirənləri vəhşicəsinə döyüb, həbs edirlər, insan haqları pozulur, Amerika və ona tabe olan qeyri-hökumət təşkilatları, ATƏT susurlar. Bax budur ikili siyasət yürütmək.

Bəs Azərbaycan ABŞ və NATO-ya hansı münasibəti göstərir. Qabaqcadan deyim ki, Azərbaycanın onlara münasibəti çox orginaldır, yəni dövlətimiz tərəfdaşlıqdan imtina etmir, lakin özünəməxsus xüsusiyyətlərini önə çəkir. Bu barədə hörmətli professor yazır: "Keçən müddətdə Azərbaycan öz təhlükəsizlik taleyini Şimali Atlantika ilə bağlamamaq (fikir verin-bağlamamaq-Y. O.) şərti ilə, ABŞ-ın bəhs olunan dövrdəki fəal regional təhlükəsizlik siyasətinə, beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək vermiş və müxtəlif formalarda:

1. ABŞ və NATO ilə "Sülh naminə tərəfdaşlıq" və "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində ikitərəfli (yenə fikir verin- ikitərəfli- Y.O.) və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirmişdir;
2. Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açmışdır;
3. ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayr-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak etmişdir və s." (Bax, S. 285-286)

Bundan başqa, Azərbaycan tərəfi ABŞ və Avropa İttifaqı ilə bir yerdə müxtəlif layihələr həyata keçirir, beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri dönmədən yerinə yetirir. Bununla yanaşı Azərbaycan dövləti bölgədə yürütdüyü siyasəti əsas məhək daşı müstəqil siyasətin yürüdülməsi və Azərbaycanı bölgədə münaqişələr ocağına və məkanına çevirməyə cəhd edən qüvvələrin qarşısını almaqdadır. Bu barədə Əli Həsənov yazır ki, prezident İlham Əliyevin Azərbaycan heç zaman nə ABŞ və NATO-nun, nə də ki, başqa ölkələrin regiondakı hərbi-geostrateji münaqişələri üçün "meydan" olmayacağı, İrana, yaxud digər qonşu ölkəyə hər hansı üçüncü qüvvənin hücumuna dəstək verməyəcəyi, qonşularla etibarlıq tərəfdaşlıq münasibətlərini daim qoruyacağı və ərazisindən digər dövlətin hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcəyi haqqındakı birmənalı bəyanatı, öz müstəqil iradəsini ortya qoyması və sona qədər bu mövqeyə sadiqlik nümayiş etdirməsi ABŞ və NATO rəhbərliyini məyus edərək, 2001-ci ildən sonra Azərbaycanla sonuncular arasındakı formalaşmış hərbi-strateji tərəfdaşlıq münasibətlərinə müəyyən mənfi təsir göstərdi. Lakin, bu qətiyyətli mövqe əvəzində Azərbaycanın bölgə ölkələri, ilk növbədə qonşu Rusiya və İranla tərəfdaşlıq münasibətlərinin korlanmasının qarşısını aldı.

Tərəfimdən qeyd edirem ki, bu siyasət düzgün addımdır, çünki Qərbin yürütdüyü "İkili siyasətin" bəhrəsini çox görmüşük, nəticəsi də müsəlman ölkələri, o cümlədən Azərbaycan üçün ağır itkilərlə müşaiyət olunub. "İkili siyasət" haqqında yuxarıda bəhs etdiyimizdən bunun üstündə çox dayanmayacayıq. Amma, bir məsələni xüsusilə qeyd etmək istərdim. Bir anlığa təsəvvür edin ki, Azərbaycan dövləti öz ərazisindən hər hansı ikinci bir dövlətə (o dövlətin hərbi-strateji maraqlarını həyata keçirmək üçün) plasdarm verdi. Nəticə necə olacaq bilirsinizmi? Deməli Azərbaycan maraqlı tərəf olacaq və ərazisini "plasdarm" etdiyi dövlətlə tərəfdaşlıq məcburiyyətində qalacaq, digər bloklarla, dövlətlərlə münasibətlərdə isə soyuqluq yaranacaq, potensial rəqibə, bir az sonra isə düşmənə çevrilmək ehtimalı artacaq. Belə olan şəraitdə məkanı münaqişələr ocağına döndərmək istəyən qüvvələrin qarşısını almaq çox çətin olacaq. Bu zaman həmin qüvvələr xarici təsirdən ölkədaxili vətəndaş təsirinə keçməyə cəhd edərək ölkədə xaos, başıpozuqluq yaratmaq istəyərək hakimiyyət dəyişikliyinə can atacaqlar. İqtisadi temp düşəcək, maliyyə infilyasiyası və manatın məzənnəsinin sürətlə ucuzlaşması başlayacaq, sosial müavinətlərin verilməsində gecikmələr baş verəcək, ərzaq qıtlığı yaranacaq və s. müdaxilələr dövlətin, hətta hakimiyyət dəyişikliyi olmasa belə, regionda siyasi və iqtisadi etibarlığı xeyli aşağı düşəcək.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti