Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
"Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası" nəşr edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.
Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar MSK müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası" hazırlayıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında" Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
MSK tərəfindən hazırlanan digər nəşr isə müşahidəçilər üçündür. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
"Müşahidəçilər üçün yaddaş"ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.