Bakı. Trend:
Rusiya Gürcüstan ərazisi vasitəsilə Ermənistana nəql olunan qazın tranzit şərtini həmişə dəyişmək istəyib. Çünki bu tranzitə müəyyənləşdirilmiş tarif siyasi tarifdir və beynəlxalq aləmdə olan qiymətdən 2,5 dəfə çoxdur.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, amma bu məsələdə heç bir hərəkət olmadığı üçün "Qazprom" arzusunu reallaşdıra bilmirdi: "İndi Baş nazirin müavini və Enerji naziri K.Kaladzenin və ya eks-baş nazir B.İvanişvilinin "Azərbaycandan müstəqil olmaq" mifologiyası bu məsələdə hərəkət yaratdı. "Qazprom" bundan dərhal öz maraqları üçün istifadə etdi. "Qaz müstəqilliyi" oyununun hansı şərt daxilində və ya nə vaxt bitəcəyini indidən demək mümkündür: Rusiya qazının Ermənistana tranzit haqqı 10 faizdən 5 faizə düşdükdən sonra bu oyunlar kəsiləcək. Bəlkə də "Qazprom" gürcü mütəxəssislərinin bu qədər naşı olacağını, ciddi səhv edəcəyini gözləmirdi. Bu məsələnin daha dərin səbəblərinin olması çox ehtimallıdır".
M.Əhmədoğlu deyib ki, B.İvanişvili Qazprom"un səhmdarlarındandır: ""Qazprom" bundan istifadə edib Gürcüstanla tranzit məsələsini öz maraqlarına uyğun nizamlamaq istəyir: "B.İvanişvilinin səhmləri ilə bağlı aparılan yüngülvari əməliyyat B.İvanişvilini təşəbbüskar olmağa təhrik etdi. B.İvanişvili K.Kaladzeni "Qazprom"la danışıqlar aparmağa şirnikləşdirir. Nəhayət, qaz danışıqlarının müəyyən mərhələsində "Qazprom"un sədri A.Miller RF-in Ermənistana qaz nəqli üçün Gürcüstandan ehtiyacının olmayacağını dilə gətirdi. Guya "Qazprom" İranla svop əməliyyatına gedib, Ermənistanı İran qazı ilə təmin edəcəkdir, sonra isə RF bu qazı İrana dünyanın başqa ölkəsində tutaq ki, Türkiyədə və ya Azərbaycanda qaytaracaqdır. Əlbəttə İrandan aldığı qazı Rusiyanın harada qaytaracağı o qədər də vacib məsələ deyil. Çünki Rusiyanın İran qazını Ermənistana buraxması da siyasi cəhətdən qeyri-mümkündür. RF-də başa düşürlər ki, Ermənistan antirusiyadır və bu antirusiyaçılıqda təkcə Qərblə deyil, İranla da əməkdaşlıq edir. Eləcə də, İranın və Rusiyanın Qafqaz regionu üzrə maraqları kəskin surətdə fərqlənir".
Mərkəz rəhbəri qeyd edib ki, İran-Ermənistan qaz kəmərinin diametrinin 2000 mm-dən 700 mm-ə qədər daraltması, İran vəsaitinin hesabına tikilməsinə baxmayaraq, sonradan bu kəməri öz balansına keçirməsi də RF tərəfdən siyasi amillərlə şərtlənirdi: "Belə psixoloji nüansların olması da Rusiyanı Gürcüstan üzrə tranzit haqqını aşağı salmasına maneçilik etməyəcək. K.Kaladzenin bəyanatı İranda daha böyük hərəkət yaratdı. İran Neft Nazirliyinin Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili elə açıqlama yaydı ki, guya İran və Gürcüstanın nümayəndə heyətləri görüşüb, bir neçə raundda danışıqlar aparıblar, hər şeyi razılaşdırıb, bircə müqavilənin imzalanması qalıb. Əslində heç bir müzakirə aparılmayıb. Bu açıqlamaya Azərbaycanın müvafiq strukturları əsaslandırılmış cavab verdilər".
M.Əhmədoğlu hesab edir ki, İranın neft-qaz sahəsində problemi təkcə Qərbin sanksiyaları ilə əlaqəli deyil: "İran istəsəydi Qərbin neft-qaz sanksiyalarını xeyli zəiflədə bilərdi. Məhz Kamili kimi mütəxəssislərin savadsızlığı hesabına İran Qərb qarşısında belə qəliz vəziyyətə düşdü. İranın puluna tikilmiş qaz kəmərini Rusiyanın təsirindən qoruya bilmədilər. İndi Rusiya ilə svop edib, Gürcüstana qaz satacaqsa bunun üçün ancaq Rusiyaya yalvarılmalı və Rusiyanın şərtləri qəbul edilməlidir. Rusiyanı Avropanın qaz bazarından qovmağa hazırlaşan Kamili inanır ki, RF İrana Gürcüstan və Ermənistana qaz satmağa şərait yaradacaq. Kamili Ermənistandan Gürcüstana gedən qaz kəmərini göstərə bilməz".
Politoloq bildirib ki, çünki belə kəmər yoxdur: "Gürcüstanla Ermənistan arasında bircə qaz kəməri mövcuddur, o da indi avers rejimində qazı Gürcüstandan Ermənistana ötürür: "Bu kəmərin revers rejiminə, yəni Ermənistandan Gürcüstana qaz nəql etmək rejiminə keçirmək üçün müəyyən qədər vaxt və maliyyə resursu lazımdır. Amma daha vacibi kəmərin revers rejiminə keçməsi ilə bağlı Rusiya, Ermənistan və Gürcüstanın siyasi qərarı lazımdır. Hər halda Kamilinin bu bəyanatı verməyə vadar edən səbəblər barədə düşünmək olar; Gürcüstanın baş nazirinin müavini, energetika naziri K.Kaladze "Azərbaycanı cəzalandırmaq" istəyirdi. Onun bu addımı Kamilinin daha böyük antiazərbaycançılığını alovlandırdı. Ancaq sonda hər iki tərəf başa düşəcəkdir ki, nəinki Azərbaycan Respublikası, hətta Azərbaycan faktoru çox güclüdür".
M.Əhmədoğlu deyib ki, İran qazının Avropa bazarına çıxarılmasının ilk əvvəllərdə Azərbaycan Respublikasının imkanları alternativsizdir: "İranın Avropaya 60-100 milyard kub metr qaz kəmərini tikməyə maliyyə resursu yoxdur. Geosiyasi şərait də buna imkan vermir. İran həm öz ərazisində, həm də Avropa dövlətlərinin birinin ərazisində iki sıxılmış qaz zavodunu da tikməyə maliyyə imkanı yoxdur. İranın Avropaya qaz satması tədricən baş verməlidir və bu başqa dövlətin qaz kəmərləri vasitəsilə reallaşmalıdır. Bu isə yalnız Azərbaycanın qaz infrastrukturları vasitəsilə mümkündür".