Bakı. Elçin Mehdiyev - Trend:
IV Qlobal Bakı Forumu bütün dünyadan olan insanların bir araya gəlib mövcud problemləri müzakirə etməsi və çıxış yollarını axtarması çox əhəmiyyətlidir. Bunu Trend-ə Kanadanın sabiq Baş naziri Jan Kretyen deyib.
J.Kretyen bildirib ki, Asiya, Afrika, Avropa, Latın Amerikası, Şimali Amerika və digər bölgələrdən insanlar bir araya gəlib fikir mübadiləsi aparır: "İnanıram ki, danışıqlar və müzakirələr zamanı problemlərin həlli tapıla bilər. Danışıqlar silahdan daha ucuz və təhlükəsizdir. Bu baxımdan bu cür tədbirlər təşkil etməklə Azərbaycan dünyaya mühüm töhfə verir".
Sabiq Baş nazir 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini də yüksək qiymətləndirdiyini qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevin belə bir qərar verməsi məni çox sevindirdi. Kanada da multikultural dəyərlərə böyük önəm verir".
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.
Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.