...

Siyasi ekspert: "Sankt-Peterburq görüşü Azərbaycanın mövqelərinin güclənməsi baxımından ciddi addımdır" (VİDEO)

Siyasət Materials 25 İyun 2016 13:01 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü Azərbaycanın mövqelərinin güclənməsi baxımından irəli atılmış ciddi bir addımdır.
Siyasi ekspert: "Sankt-Peterburq görüşü Azərbaycanın mövqelərinin güclənməsi baxımından ciddi addımdır" (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü Azərbaycanın mövqelərinin güclənməsi baxımından irəli atılmış ciddi bir addımdır.

Trend-in məlumatına görə, bunu siyasi ekspert Elçin Alıoğlu "Baku Network" Ekspert Şurasının prezidentlərin Sankt-Peterburq görüşünə həsr edilmiş müzakirələrində deyib.

O qeyd edib ki, son dövrlərdə baş verən hadisələr Cənubi Qafqaz regionu ilə yanaşı, Asiyada və Avropanın özündə də Azərbaycanın mövqeyinin kifayət qədər gücləndiyini göstərməklə yanaşı, Avropanın məsələyə münasibətində köklü dəyişikliyin olduğunu nümayiş etdirdi.

Ekspert hesab edir ki, Ermənistan prezidenti Vyanadakı uğursuzluqdan sonra Sankt-Peterburqda faktiki məğlubiyyətə uğradı:

“Azərbaycanın əldə etdiyi ən böyük uğur Dağlıq Qarabağın həlli ilə bağlı danışıqların formatının daha geniş spektrə çatdırılmasıdır. Artıq bütün formatlar sınanıb - həmsədrlər variantında, xarici işlər nazirləri variantında, Vyanada həm müşahidəçilər, həm həmsədrlər, həm də xarici işlər nazirləri oldu. Azərbaycan göstərdi ki, münaqişə ilə bağlı status-kvonun saxlanmasının zərərli olması ilə yanaşı, Qərbin və xüsusilə Rusiyanın münaqişə ilə bağlı mövqelərində olan neytrallıq çox böyük təhlükə vəd edir”.

E.Alıoğlunun sözlərinə görə, Rusiya anladı ki, Qafqazda strateji müttəfiq adlandırdığı Ermənistanla strateji tərəfdaş adlandırdığı Azərbaycan arasında seçim etmək məcburiyyətindədir: “Çünki Ermənistan həm siyasi, həm də iqtisadi baxımdan ağır vəziyyətdədir, ölkədə hakimiyyət yalnız dövlət çevrilişləri ilə dəyişir. Bu baxımdan kimə güvənməyi, kiminlə üzunmüddətli əlaqələr qurmağı Rusiya özü üçün yəqin edib. Serj Sarkisyan indi elə bir vəziyyətdədir ki, hara addım atsa, bu onu məğlubiyyətə aparır. Ermənistanda əsgər anaları da övladlarının Azərbaycanda həlak olmasını istəmirlər”.

Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi yolu ilə gedir. Ölkə rəhbərliyinin yürütdüyü hərbi-siyasi diplomatiya bu istiqamətə yönəldilib və ümid verir ki, Azərbaycan gələcək danışıqlar prosesindən daha güclü çıxacaq.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti