Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar" qərar layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, qərar layihəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilib.
Qərar layihəsində Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə birgə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
Azərbaycanın hüquq-mühafizə orqanlarına tövsiyə olunub ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər.
Azərbaycanın müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar.
Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq təsdiq edilib.
Xatırladaq ki, ermənilərin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın bu günədək taleyi məlum deyil.