...

Bakıda dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 17 Avqust 2017 17:10 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans təşkil edib.
Bakıda dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfrans təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, dinşünaslar, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər iştirak ediblər.

Konfransda dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, bu meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb. Sədr müavini İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səslədiyini bildirib.

G.İsmayılov Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməklə İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və ekstremizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev dövlət-din münasibətlərinin mövcud durumunun cəmiyyətdə mənəvi sabitliyin göstəricisi olduğunu vurğulayıb. F.Nurullayev qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ölkəmizin tolerantlıq prinsiplərinə, multikultural ənənələrə bu gün də sadiq qalmasının göstəricisidir.

Digər iştirakçılar da dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti