...

Bakı-Tbilisi-Qars Ermənistanın nəqliyyat izolyasiyasını daha da gücləndirəcək

Siyasət Materials 30 Oktyabr 2017 21:59 (UTC +04:00)
Ermənistan növbəti dəfə mühüm beynəlxalq layihədən kənarda qaldı.
Bakı-Tbilisi-Qars Ermənistanın nəqliyyat izolyasiyasını daha da gücləndirəcək

Bəxtiyar Hacıyev – Trend:

Ermənistan növbəti dəfə mühüm beynəlxalq layihədən kənarda qaldı. Söhbət oktyabrın 30-da Azərbaycan paytaxtında açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən gedir.

Məhz Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi ilə Ermənistanın nəqliyyat izolyasiyası daha da güclənəcək.

Bu, ilk belə hal deyil. Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də "Cənub Qaz Dəhlizi", TANAP və TAP kimi layihələrdən özünü məhrum edən Ermənistan Bakı-Tbilisi-Qars kimi mühüm beynəlxalq dəhlizdən də yararlana bilməyəcək. Səbəbi gün kimi aydındır. Ermənistan nə qədər ki Azərbaycan torpaqlarının işğalını davam etdirəcək, regionda bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Buna regionda bütün iri layihələrin müəllifi və təşəbbüskarı olan Azərbaycan icazə verməyəcək və heç bir ölkə də Azərbaycandan icazəsiz Ermənistanı bu irimiqyaslı layihələrə qoşa bilməz.

Artıq Ermənistan əhalisi də ayılmalıdır və görməlidir ki, Azərbaycan torpaqlarının işğalı onlara heç nə vermədi, Sarkisyan hakimiyyəti onlara yalnız bədbəxtlik gətirdi.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğala son qoyarsa, regionda həyata keçirilən qlobal layihələrə, dəhlizlərə yolu açılacaq. Deməli, işğalçı ölkənin hələ də şansı qalır.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə beynəlxalq səviyyəli tranzit mərkəz statusunu daha da möhkəmləndirən Azərbaycan isə Ermənistandan fərqli olaraq gündən-günə inkişaf edir, dünyada nüfuzu artır. Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzidir.

Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı da Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək.

Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azalacaq. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Daşıma həcminin sonralar 17 milyon ton artacağı və tədricən 50 milyon tona çatdırılacağı planlaşdırılır. Sərnişin sayı isə 2 milyon nəfər olacaq.

Təbii ki, bu, regionda sonuncu belə irimiqyaslı layihə olmayacaq. Azərbaycanı qarşıda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam işə düşməsi, Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP və TAP boru kəmərlərinin açılışı və s. kimi mühüm layihələr gözləyir. Ermənistana isə Azərbaycanın uğurlarına yalnız həsədlə baxmaq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti