...

Azərbaycanın ekspert qrupu artıq ölkə hüdudlarından kənarda da tanınır (FOTO)

Siyasət Materials 10 Noyabr 2017 16:17 (UTC +04:00)
Oktyabrın 10 günü ərzində “Baku Network” ekspert qrupunun nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorkda ABŞ-ın aparıcı “beyin mərkəzləri” və tədqiqat institutlarında görüşlər keçiriblər.
Azərbaycanın ekspert qrupu artıq ölkə hüdudlarından kənarda da tanınır (FOTO)

Bakı. Trend:

Oktyabrın 10 günü ərzində “Baku Network” ekspert qrupunun nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorkda ABŞ-ın aparıcı “beyin mərkəzləri” və tədqiqat institutlarında görüşlər keçiriblər.

Trend-in məlumatına görə, bu mərkəzlər arasında “Heritage Foundation”, “Jamestown Foundation”, “Brookings Institution”, “Council on Foreign Relations”, “Carnegie Endowment for International Peace”, “Foreign Policy Research Сеnter” və digərləri var idi.

Görüşlər zamanı gələcəkdə, o cümlədən “Baku Network” meydançasında müxtəlif ölkələrin ekspertləri arasında diskussiyaların təşkili, informasiya mübadiləsi ilə bağlı tədbirlərin keçirilməsi və “Baku Network”un beynəlxalq arenada fəaliyyətinə dəstək göstərilməsi üzrə razılaşmalar əldə olunub.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl “Baku Network” Valday Klubu, Baltik Forumu kimi təşkilatlarla tərəfdaşlıq münasibətləri yaratmışdı.

“Baku Network”un rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərovun Trend-ə bildirib ki, yaxın vaxtlarda Avropadan olan həmkarlarla görüşlər və əməkdaşlığın təşkili planlaşdırılır.

ABŞ-da keçirilən görüşlərə toxunan E.Ələsgərov qeyd edib ki, bu təşkilatlar ABŞ-ın xarici siyasətinin formalaşmasına böyük təsir göstərir. “Caspian Policy Center”, “Bipartisan Policy Center” kimi təşkilatlarda, eləcə də BMT Katibliyinin nümayəndələri ilə kifayət qədər səmərəli söhbətlər olub. Görüşlər zamanı qarşı tərəfin diqqətinə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi və sosial-iqtisadi nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyi barədə obyektiv məlumatlar ətraflı şəkildə çatdırılıb.

E.Ələsgərovun sözlərinə görə, nümayəndə heyətinin ABŞ-da olduğu bir vaxtda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı əlamətdar hadisə oldu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın yüksək vəzifəli rəsmiləri iştirak etdilər: “Bu bizə bir daha Azərbaycanın regionda əhəmiyyətini vurğulamağa imkan verdi, həmçinin ölkəmizin əhəmiyyəti ABŞ-ın “beyin mərkəzləri”nin nümayəndələri tərəfindən dəfələrlə təsdiq olundu. Onlar Azərbaycanın mühüm geosiyasi mövqeyini və ölkənin regiondakı rolunu vurğuladılar”.

E.Ələsgərov bildirib ki, bu səfər çox uğurlu və səmərəli oldu, o cümlədən, “Baku Network”u aparıcı “think-thank”lər sahəsində yeni tanınma səviyyəsinə çıxartmağa imkan verdi. Bu da özlüyündə “Baku Network”un növbəti beynəlxalq uğurudur və Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin yüksək inkişaf səviyyəsini bir daha nümayiş etdirir.

Bu kontekstdə Pensilvaniya Universitetinin Lauder İnstitutunun “think-thank” proqramının direktoru, “think-thank” nüfuzlu dünya reytinqinin müəllifi Ceyms Makkanla görüş böyük uğur hesab edilir. Görüşdə “Baku Network”un bu reytinqə daxil edilməsi haqqında danışıqlar aparıldı və ən aktual beynəlxalq problemlərin müzakirə olunduğu tədbirlərdə iştirak məsələsi müzakirə olundu.

E.Ələsgərov qeyd edib ki, ABŞ-dakı görüşlər Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi, ABŞ Dövlət Departamenti və “Meridian International Center” Araşdırma Mərkəzi tərəfindən təşkil olunub. Amerikalı tərəfdaşlarla bu cür “think-thank” əməkdaşlıq proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən irəli sürülüb və ilk dəfə icra olunub. Bu, Azərbaycanın mövqeyinin ABŞ və dünya ictimaiyyətinə çatdırılması, eləcə də Azərbaycan və regionla bağlı hadisələrin obyektiv işıqlandırılması üçün əlavə imkanlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti