Bakı. Trend:
Azərbaycanın cəsur əsgərləri Əfqanıstanda sülh missiyasına böyük töhfə verib.
Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, liderlik, siyasi iradə iki ölkəni milli təhlükəsizliyi qoruyan tərəfdaşlara çevirəcək: "Sizin qorxmaz əsgərləriniz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və Qətiyyətli Dəstək Missiyası çərçivəsində öz töhfələrini veriblər".
Əfqanıstan Prezidenti Azərbaycanın bu ölkəyə hərbə dəstəyi artırmaq qərarını alqışlayıb: “Siz bizim problemlərimizi dərindən anlamısınız. Siz bizə ən yaxşı texniki yardım vəd etmisiniz və mən səbirsizliklə investisiyaların qarşılıqlı təşviqi barədə sazişin, eləcə də ölkələrimiz arasında digər sazişlərin imzalanmasını gözləyirəm”.