...

“Expo-2025” sərgisi üzrə qiymətləndirmə missiyası 2018-ci ilin yazında Bakıya gələcək (FOTO)

Siyasət Materials 12 Dekabr 2017 18:27 (UTC +04:00)
Beynəlxalq Sərgilər Bürosunun “Expo-2025” sərgisinin keçirilməsinə hazırlıq layihəsi üzrə qiymətləndirmə missiyası 2018-ci ilin yazında Bakıya səfər edəcək.
“Expo-2025” sərgisi üzrə qiymətləndirmə missiyası 2018-ci ilin yazında Bakıya gələcək (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Beynəlxalq Sərgilər Bürosunun “Expo-2025” sərgisinin keçirilməsinə hazırlıq layihəsi üzrə qiymətləndirmə missiyası 2018-ci ilin yazında Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Bakıda mətbuat konfransında deyib.

D.Kerkentzes Bakıda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib:

“Son iki gün ərzində Bakıda "Expo-2025" beynəlxalq sərgisinə namizəd şəhər qismində aparılan hazırlıqlarla tanış olmaq məqsədilə mühüm görüşlər keçirdim. Mənim üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşmək böyük şərəf idi. Bundan başqa, maliyyə naziri Samir Şərifov və gənclər və idman naziri Azad Rəhimovla layihənin gələcəyi barədə danışıqlar aparmışam. Bu, çox vacib andır, çünki "Expo-2025" sərgisinin təşkili təkcə Bakı üçün lokal layihə deyil, bütün Azərbaycan üçün ümummilli layihədir”.

Onun sözlərinə görə, eyni zamanda, tərəflər bu layihə üçün xüsusi olaraq yaradılmış işçi qrupu, əməliyyat komitəsi və katibliklə Beynəlxalq Büronun gələn ilin mart-aprel aylarında Bakıya göndəriləcək qiymətləndirmə missiyasının hazırlanmasına yönəlmiş birgə işləri davam etdirirlər:

“Qiymətləndirmə missiyası digər namizəd şəhərlər – Yekaterinburq, Paris və Osaka üçün də vacibdir. Bu bizə imkan verəcək ki, layihənin həyata keçirilməsi imkanlarını öyrənək və “Expo-2025” sərgisinin təşkil ediləcəyi şəhərin seçilməsi üçün gələn ilin noyabrında səsvermə keçirək. Azərbaycanın həm bu layihənin şəhər və ölkə üçün əhəmiyyətini göstərmək, həm də vətəndaşların, xüsusilə də gənclərin layihəyə aktiv cəlb edilməsini nümayiş etdirmək imkanı var. Gənclər hər zaman “Expo” sərgilərinin təşkilində çox mühüm rol oynayıblar. Bugünkü gənclik 2025-ci ildə işləyən əhalinin əsasını təşkil edəcək və onların bu layihənin həyata keçirilməsində rolu çox vacibdir”.

O qeyd edib ki, son iki gün ərzində Bakıda olarkən onun üçün layihə ilə bağlı işləri müşahidə etmək çox maraqlı olub: “Mən səbirsizliklə növbəti iki ay ərzində layihə ilə bağlı işlərin yekunlarını, yazda qiymətləndirmə missiyasına təqdim olunacaq nəticələri, layihənin Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasında 169 üzv ölkəyə təqdimatını və Azərbaycan hökuməti ilə xalqının beynəlxalq ictimaiyyəti Bakının “Expo-2025”-in keçirilməsi üçün ən layiqli məkan olmasına inandırmağa çalışmasını görməyi gözləyirəm”.

D.Kerkentzes layihəyə hökumət səviyyəsində göstərilən dəstəkdən məmnun qaldığını deyib: “Mən, həmçinin hər dəfə Bakıya gələndə bu şəhərin və yerli sakinlərin yeni tərəflərini kəşf edirəm. Bura çox mehriban şəhərdir və burada “Expo” şəhərinin bütün keyfiyyətləri cəmləşib”.

Bakının güclü tərəfləri sırasında beynəlmiləlliyini, iri qlobal tədbirlərin keçirilməsi təcrübəsini və böyük beynəlxalq nümayəndə heyətlərinin qəbulunu, eləcə də “Bəşəriyyətin gələcəyi” mövzusunun əsas götürülməsini xüsusi vurğulayan D.Kerkentzes bildirib ki, bütün bunlar nə üçün məhz Azərbaycan paytaxtının “Expo” üçün ən yaxşı məkan olduğunu sübut etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti