...

Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub (FOTO)

Siyasət Materials 14 Dekabr 2017 11:33 (UTC +04:00)
Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub.
Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub (FOTO)

Bakı. Trend:

Minsk şəhərində Belarusda akkreditə olmuş səfirlərin, diplomatların və xarici təmsilçiliklərin üzvlərinin həyat yoldaşlarının daxil olduğu “Beynəlxalq qadınlar klubu” tərəfindən xeyriyyə sərgi-yarmarkası keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgi-yarmarkada səfir və səfirliyin əməkdaşlarının həyat yoldaşları və qadın əməkdaşlar aktiv şəkildə iştirak ediblər.

Səfirliyin qadın kollektivinin köməyi və yaxından iştirakı ilə Azərbaycan guşəsi təşkil olunub. Azərbaycan stendi sərginin ən böyük və ən zəngin stendlərdən biri olub. Azərbaycan səfirliyinin ilk dəfə belə tədbirdə iştirak etməsinə baxmayaraq, onun açdığı masa qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Milli stendimizdə Azərbaycan məhsullarından meyvə şirələri və kompotlar, ağ və qırmızı şərablar, sirab və badamlı sular, çaylar, müxtəlif çeşidli mürəbbələr, narşərab, suvenirlər, kəlağayılar, araqçınlar və s. sərgilənib. Qadınlarımızın hazırladığı milli Azərbaycan xörəkləri – dolma, plov və milli şirniyyatlar – şəkərbura, paxlava, çudu Azərbaycan guşəsini bəzəyib. Stendimizdə alış-veriş edən sərgi iştirakçılarına hədiyyə olaraq İrs jurnalı təqdim edilib. Səfirin həyat yoldaşı yarmarka üçün milli üslubda rəngli boya ilə üç rəsm əsəri çəkib. Milli stendimizə yaxınlaşan Belarus Xarici İşlər nazirinin həyat yoldaşı stendimizlə ətraflı tanış olub və gördüklərindən məmnun qalaraq xoş sözlər söyləyib. Səfirlik tərəfindən tədbirdə Minsk şəhərində fəaliyyət göstərən “Sarı gəlin” və “Şərqin əfsanələri” musiqi truppalarının çıxışları təşkil edilib və maraqla qarşılanıb.

Sərgi-yarmarkada fəal iştirakına görə Azərbaycan səfirliyi “Beynəlxalq qadınlar klubu” tərəfindən xüsusi diplomla təltif olunub. Sərgi-yarmarkadan əldə edilmiş vəsait klubun rəhbərliyinə təhvil verilib.

Təbliğat məqsədi ilə çoxlu sayda iştirakçılara suvenirlər, yeməklər və şirniyyatlar paylanıb. Ümumiyyətlə, Azərbaycan yeməkləri və şirniyyatları iştirakçılar arasında maraq doğurub və yaxşı təsir baqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti