...

"İslam Həmrəyliyi İli"nin davamı kimi 2018-ci ildə əlavə tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 19 Yanvar 2018 18:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.
"İslam Həmrəyliyi İli"nin davamı kimi 2018-ci ildə əlavə tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli 2588 nömrəli sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilib, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilib, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib.

İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik dini olması mədəniyyətlərarası və dinlərarası münasibətlərin hazırkı dövründə bu qəbildən tədbirlərin davamlı təşkilinə xüsusi aktuallıq qazandırır.

Sərəncamda qeyd edilir ki, “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti