Bakı. Trend:
Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.