...

Nazir: Koreya Xalq Demokratik Respublikası Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Siyasət Materials 6 Aprel 2018 12:36 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yonq-ho ilə görüşüb.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, Ri Yonq-ho konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

XİN başçısı 2019-cu ildən Azərbaycanın təşkilata sədrliyə başlamasının Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana olan inamından irəli gəldiyini bildirib. O, həmçinin KXDR-in Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərlə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu əlavə edib.

E.Məmmədyarov Ri Yonq-honun Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Azərbaycanın XİN başçısı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.

Səfərinin tarixi olduğunu bildirən Ri Yonq-ho ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğulayıb.

Ri Yonq-ho KXDR-in Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan memarların səfərinin mümkünlüyünü vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti