...

ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə planlarını açıqlayıb

Siyasət Materials 11 Aprel 2018 11:20 (UTC +04:00)
ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb.
ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə planlarını açıqlayıb

Bakı. Əli Mustafayev - Trend:

ATƏT/DTİHB missiyası Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb.

Trend-in məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilər missiyasının başçısı Korien Yonker deyib.

O bildirib: “Biz seçkilərə hazırlığı müşahidə etmişik. Bu gün biz bilavasitə prezident seçkilərini müşahidə etməyi planlaşdırırıq. Bizim 13 nəfərdən ibarət əsas qrupumuz aprelin 24-dək Azərbaycanda qalacaq və ölkədə seçkidən sonrakı müddəti müşahidə edəcək”.

K.Yonker əlavə edib ki, uzunmüddətli müşahidəçilər hazırda Azərbaycanın paytaxtında və regionlarında işləyir və baş verən proseslər barədə məlumat verir:

“Seçkilərin qiymətləndirilməsi missiya tərəfindən aprelin 12-i açıqlanacaq. Azərbaycan prezident seçkilərinin keçirilməsi barədə hesabat səsvermədən iki ay sonra təqdim olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti