...

Dilçilik İnstitutunun direktoru: Dil normalarının pozulmasına görə inzibati cəza tədbirləri də həyata keçirilə bilər

Siyasət Materials 5 Noyabr 2018 14:18 (UTC +04:00)
Dil normalarının pozulmasına görə inzibati cəza tədbirləri də həyata keçirilə bilər.
Dilçilik İnstitutunun direktoru: Dil normalarının pozulmasına görə inzibati cəza tədbirləri də həyata keçirilə bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə hətta inzibati cəza tədbirləri həyata keçirilə bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O qeyd edib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq: "Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək".

Monitorinq Mərkəzinin publik hüquqi şəxs olacağını xatırladan M.Nağısoylu bu səbəbdən həmin qurumun müvafiq pozuntuların qarşısını almaq üçün müəyyən səlahiyyətlərinin olacağını da nəzərə çatdırıb:

“Qurumun səlahiyyətləri olacağı üçün ədəbi dil normalarının qorunması məqsədilə görülən işlər daha ciddi şəkildə, daha məsuliyyətlə həyata keçiriləcək. Pozuntuların qarşısının alınması üçün qanunvericlik aktlarında dəyişikliklər barədə təkliflər də hazırlanacaq”.

Bir çox ölkələrdə ədəbi dil normalarının pozulmasına görə inzibati cəza tədbirlərinin tətbiqi təcrübəsinin olduğunu söyləyən akademik hesab edir ki, bu tədbir dil normalarının pozulması hallarının qarşısını almağa yardım edər.

M.Nağısoylu ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün digər təkliflərini də açıqlayıb:

“İşçilərin attestasiyası keçirilə, dövlət qulluğuna işə qəbul zamanı dövlət dilini bilmə səviyyəsi ciddi şəkildə yoxlanıla bilər. Eləcə də KİV-lərdə işə qəbul zamanı ana dilini bilmə ilə bağlı ciddi tələblər qoyulmalıdır. Maarifləndirmə tədbirləri gücləndirilməlidir”.

İnstitut direktoru hesab edir ki, ümumilikdə Monitorinq Mərkəzinin yaradılması və müvafiq tədbirlərin görülməsi ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması işinə müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti