Bakı. Samir Əli - Trend:
Paytaxtda marşrut xətt avtobuslarının sayı azaldılacaq. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda Bakıda 2100 sərnişin avtobusu fəaliyyət göstərir:
"Paytaxtda bir çox marşrut xətləri təkrarlanır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək".
V.Kərimli qeyd edib ki, hər il mərhələli şəkildə avtobus parkını yeniləməyə davam edəcəyik: "Mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Yəni avtobusların sayı 2100-dən 1700-ə endiriləcək. Bu da xətlərin optimallaşdırılması, dayanacaq yerlərinin dəyişdirilməsi, yeni yolların salınması, müəyyən marşrut xətlərinin uzadılması, bir qisminin isə ləğvi hesabına mümkün olacaq. Biz bunları 3 il ərzində reallaşdırmağı planlaşdırırıq".
İdarə Heyətinin sədri əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi yaradılarkən təxminən 67 daşıyıcı fəaliyyət göstərirdi, hazırda onların sayı 41-ə endirilib:
"Agentlik fəaliyyətə başlayanda cəmi iki daşıyıcının qaraj təsərrüfatı vardı. Bu gün 11-ə yaxın daşıyıcı həm hüquqi şəxs statusuna keçib, həm də qaraj təsərrüfatı var. Tələblər qəbul olunduqdan sonra hansılarla yola davam edəcəyimizi aydınlaşdıracağıq. Daşıyıcılarla görüşlərdə də demişik ki, bizim istəyimiz vətəndaşın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Edə bilmirsə, deməli, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Buna heç bir şübhəniz olmasın".