...

Vüqar Rəhimzadə: ABŞ ölkəmizin qlobal enerji layihələrinə hər zaman dəstək verib və bu siyasətini davam etdirir

Siyasət Materials 30 May 2019 17:28 (UTC +04:00)
Bu gün beynəlxalq aləmdə öz yeri və rolu olan Azərbaycan dünyanın böyük dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurub.
Vüqar Rəhimzadə: ABŞ ölkəmizin qlobal enerji layihələrinə hər zaman dəstək verib və bu siyasətini davam etdirir

Bakı. Trend:

Bu gün beynəlxalq aləmdə öz yeri və rolu olan Azərbaycan dünyanın böyük dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurub. Təbii ki, ölkəmizin artan nüfuzu bu münasibətlərin möhkəmlənməsində və daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın milli maraqlarına hörmətlə yanaşır, onunla hesablaşırlar. Bu sırada ABŞ xüsusi yer tutur. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan ABŞ-ın əsas müttəfiqidir. Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. ABŞ ölkəmizin həyata keçirdiyi qlobal enerji layihələrinə hər zaman dəstək verib və bu siyasətini davam etdirir. Eyni zamanda, ABŞ rəsmiləri sülhməramlı əməliyyatlara verdiyi töhfələrə, Əfqanıstandakı səylərinə görə Azərbaycana hər zaman öz minnətdarlığını bildirir və bunu yüksək qiymətləndirir.

Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, ABŞ Prezidenti Donald Trampın son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyevə 2 məktub ünvanlaması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyən əsas faktorlardan biridir: “Əvvəlcə 28 May - Respublika Günü münasibətilə möhtərəm Prezidentimizi və Azərbaycan xalqını Amerika xalqı adından və öz adından təbrik edən Donald Tramp 100 ildən artıq bir vaxt keçdikdən sonra ABŞ-ın bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməsindən məmnunluğunu ifadə edib. “Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm” deyən ABŞ Prezidenti tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzuladığını vurğulayıb. Kifayət qədər səmimi fikirlərlə zəngin məktubda ABŞ-ın Azərbaycana nə qədər böyük önəm verdiyi açıq şəkildə görünür”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, ABŞ Prezidentinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı digər məktubda da olduqca mühüm məqamlar yer alıb: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir” - məktubda yer alan bu fikirlər ölkəmizin dünya enerji təhlükəsizliyinə, sülh və sabitliyə verdiyi töhfə xüsusi olaraq vurğulanır. Təbii ki, ABŞ kimi güclü dövlət də bilir ki, Azərbaycanın regiondakı inkişafda, sülh və sabitlikdə böyük payı var. “Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram” deyən Donald Tramp ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını bir daha dilə gətirir. Sözsüz ki, bu və digər faktlar Azərbaycanın gündən-günə artan nüfuzunun, əhəmiyyətinin göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti