Bakı. Trend:
Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib.
Nazir bildirib ki, BMT və regional təşkilatlar arasında əməkdaşlıq, BMT-nin məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir: “Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir. Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər. Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir. Onlar həmçinin terror və əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə və ya sipər altında, bilavasitə və ya dolayı yolla dəstəklənməsi və ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilməmədiyindən əmin olmalıdırlar”.