...

Azay Quliyev: "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır

Siyasət Materials 29 Mart 2020 09:07 (UTC +04:00)
Azərbaycanın mövcud müasir tibbi strukturu koronavirusla səmərəli mübarizə üçün lazımi imkanlara malikdir
Azay Quliyev: "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu problem dünya gündəminə gələn ilk gündən Prezident İlham Əliyev məsələyə çevik və adekvat reaksiya verdi və ardıcıl olaraq zəruri qabaqlayıcı tədbirlər həyata keçirildi:

"Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin tapşırığı ilə koronavirusla mübarizə üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ardınca koronavirusla mübarizə üçün 10 milyon və 20 milyon manat vəsait ayrıldı. Eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Görülən bu tədbirlər öz müsbət nəticəsini verdi və bu gün Azərbaycanda vəziyyət tam nəzarət altındadır. Göründüyü kimi, digər ölkələr vaxtında zəruri tədbirlər görmədiyinə görə koronavirus geniş yayılıb və ciddi təhlükəyə çevrilib.

Əlbəttə ki, bu virusun qarşısının alınmasında xalq-iqtidar birliyinin də mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Xalq-iqtidar birliyi olmadan bugünkü nəticəni əldə etmək mümkün olmazdı. Bildiyiniz kimi, qısa müddət ərzində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 90 milyon manatdan artıq vəsait yığılıb. Vətəndaşlarımız bu fonda vəsaitin toplanmasında fəal iştirak edir. Əlbəttə ki, bu, Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini aydın şəkildə təcəssüm etdirir".

A.Quliyev vurğulayıb ki, koronavirusla mübarizədə Azərbaycan həkimlərinin də rolu olduqca böyükdür:

"Onlar gecə-gündüz demədən, öz ailələrindən, yaxınlarından uzaq düşməklə və öz sağlamlıqlarını risk altına atmaqla bu bəla ilə mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər. Onların bu əziyyəti və cəsarəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın mövcud müasir tibbi strukturu koronavirusla səmərəli mübarizə aparmaq üçün lazımi imkanlara malikdir. İndiyə qədər Azərbaycanda tibbi infrastrukturun yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib".

A.Quliyev vurğulayıb ki, koronavirusla mübarizədə əsas yollardan biri də təmasları azaltmaq, kütləvi toplaşmamaq və həssas dönəmdə verilən tövsiyələrə əməl etməkdir:

"Bu gün ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunur. Bu tədbirlərin məqsədi insanlarımızın sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqdır. Vətəndaşlarımız xüsusi karantin rejiminin tələblərinə əməl etməklə həm özlərinin, həm də yaxınlarının sağlamlığını qorumuş olurlar. İnanıram ki, belə həmrəylik göstərməklə vəziyyətdən ən az itkilərlə çıxacağıq. "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır. Mən də hər kəsi bu günlərdə evdə qalmağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti