...

Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir

Siyasət Materials 7 Aprel 2020 13:59 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan bütün azadlıqların, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkədir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Eyni zamanda, bu siyasət milli maraqlara əsaslanır, sosial ədalət və humanizm prinsiplərini özündə ehtiva edir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir:

"Bu, dövlətin humanizm siyasətini, eləcə də öz vətəndaşlarına humanist münasibətini əks etdirən mühüm faktlardan biridir. Bu müsbət ənənənin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib".

S.Novruzov Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmadığını xatırladaraq deyib:

"Müstəqil respublikamızda 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının Öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib, 10 mindən artıq insana şamil olunub. Bütövlükdə, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub",- deyə YAP İcra katibinin müavini diqqətə çatdırıb.

S.Novruzov Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən, 176 məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyib:

"Sərəncam yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub. Əlbəttə, əfv olunanlar dövlətin onlara inam və etibarını daim hiss edirlər, bu isə onlara layiqli vətəndaş olmaq stimulu verir. Bütövlükdə, Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan və böyük sosial əhəmiyyətə malik bu addımları yüksək dəyərləndirirlər. Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti