Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyevin sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun koronavirusla əlaqədar əfv edilməsi təkcə humanizm deyil, həmçinin yaşlılara hörmət və diqqətin parlaq nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür.
Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, koronavirusun yaratdığı çətin günlərdə bu əfv sərəncamı çoxlu sayda ailələrin böyük sevincinə səbəb olub:
“Dövlət başçısı daim vətəndaşlara böyük diqqət və qayğı göstərib, hər zaman çətin günlərdə onların yanında olub. Azərbaycanda əfv sərəncamlarının imzalanması ənənəvi bir hal alıb və bu müsbət ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Deputat, həmçinin mart ayının 25-dən etibarən yaşı 65-dən yuxarı olan seçicilərinin karantin rejimi ilə əlaqədar üzləşə biləcəkləri mümkün problemlər haqqında məlumatların operativ qaydada çatdırılması və həlli məqsədilə azayguliyev.az saytı üzərindən "elektron müraciət xidməti" yaradaraq sakinlərin istifadəsinə təqdim etdiyini diqqətə çatdırıb:
“Bundan başqa, yaşlı nəslin nümayəndələrinin bir çoxunun internetdən geniş istifadə etmək vərdişinin zəif olduğunu nəzərə alaraq, fəal seçicilərdən ibarət əlaqələndirmə qrupu yaratdım. Hesab edirəm ki, 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində koronavirusla bağlı vəziyyət, o cümlədən gücləndirilmiş karantin rejiminin tələblərinə əməl edilməsi və mövcud şəraitdə sakinləri narahat edən məsələlər haqqında dəqiq və çevik məlumatın əldə edilməsində bu cür əlaqələndirilmiş fəaliyyətin müsbət rolu olacaq. Bu gün isə mənim təşəbbüsümlə seçicilərim arasında yaşı 65-dən yuxarı, imkansız və xüsusi qayğıya ehtiyacı olan 200 ailəyə ərzaq yardımı, 2000 nəfərə isə koronavirusdan qorunmaq üçün zəruri tibbi ləvazimatlar verilməyə başlanıldı. Hörmətli seçicilərimdən bir daha gücləndirilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə, ən əsası evdə qalmağa və ümummilli həmrəyliyimizə töhfə verməyə çağırıram”.
Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.