...

Müşfiq Cəfərov: Dövlət tərəfindən bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır

Siyasət Materials 19 Aprel 2020 15:17 (UTC +04:00)
Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, o cümlədən koronavirus pandemiyası dövründə əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılması üçün atılan bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır.
Müşfiq Cəfərov: Dövlət tərəfindən bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, o cümlədən koronavirus pandemiyası dövründə əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılması üçün atılan bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşı dövlətin həyata keçirdiyi fəaliyyətləri alqışlayır, dövlət başçısının verdiyi qərarları dəstəkləyir:

"Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, dövlətimizin və dövlətimizin başçımızın zamanında atdığı bu addımlar nəticəsində bu gün pandemiya digər ölkələrlə müqayisədə Azərbaycanda geniş vüsət almayıb. Bu da onun nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, o cümlədən məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Prezident İlham Əliyevin cari il martın 19-da imzaladığı Sərəncamın icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirdi. Dövlətimizin başçısı çıxışında işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsilə bağlı öz tapşırıq və tövsiyələrini verdi. Belə ki, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsədlə İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə, həmçinin öz ərizəsi ilə işdən çıxan vətəndaşa da işsizlikdən sığorta ödənişi şamil ediləcək.

Bundan əlavə, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərin və peşə kurslarının müdavimlərinin sosial müdafiəsini təmin etmək məqsədilə də müvafiq addım atılıb. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb".

Prezidentin 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə icrasına başlanılmış Azərbaycanda özünüməşğulluq proqramından bəhs edən deputat M.Cəfərov mövcud vəziyyətdə bu proqramın da dövlətimizin başçısının diqqətində olduğunu qeyd edib:

"Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunlara dair video müşavirədə 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsini çox müsbət qiymətləndirib. Prezident son açıqlamasında özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsilə bağlı hökümətə öz tövsiyə və tapşırıqlarını verib.

Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, o cümlədən koronavirus pandemiyası dövründə əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılması üçün atılan bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu çətin gündə də öz vətəndaşının yanındadır, vətəndaşını qoruyur və qayğısına qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti