...

Arzu Nağıyev: Gənclərimiz Prezidentin çağırışına qoşularaq könüllülük fəaliyyətində aktiv iştirak edirlər

Siyasət Materials 14 May 2020 17:59 (UTC +04:00)
Arzu Nağıyev: Gənclərimiz Prezidentin çağırışına qoşularaq könüllülük fəaliyyətində aktiv iştirak edirlər

Bakı. Elçin Mehdiyev - Trend:

Gənclərimiz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına qoşularaq könüllülük fəaliyyətində aktiv iştirak edirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, bu, çox mühüm bir məsələdir. Bu çağırışlara cavab olaraq ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yaradılıb və bu mərkəz fəaliyyətini davam etdirməkdədir:

“Koronavirus pandemiyası vaxtı karantin rejimində könüllülərin fəaliyyəti müxtəlif istiqamətlərə yönəldilib və “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Tələbə-Könüllü” Proqramı və digər çoxsaylı könüllü təşkilatları aktiv fəaliyyət göstərib.

Azərbaycan könüllüləri AKƏM vasitəsilə tənha yaşlılara köməklik göstərir, koronavirus infeksiyası ilə əlaqədar yaranan qan qıtlığı nəticəsində qana ehtiyacı olan şəxslərin həyatı üçün təhlükənin aradan qaldırılmasına mühüm töhfələr verir, aztəminatlı ailələrə baş çəkir. Yəni qısa bir zamanda bu mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunublar. Onlar müxtəlif istiqamətlərdə aktiv fəaliyyət göstərirlər. Könüllülər "böyüklərimizi qoruyaq” devizi altında istər rayonlarda, istərsə də Bakıda fiziki məhdudiyyəti olan insanların ünvanına baş çəkir, aztəminatlı və şəhid ailələri ilə görüşüb, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar çatdırırlar. Bu gün 28 şəhər və rayonda minə yaxın könüllü 6 250-dən çox ailəyə dəstək göstərilməsində iştirak ediblər.

Eyni zamanda “Könüllü qonşu” aksiyası çərçivəsində 40-dan çox rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylanılıb ki, kim istəsə onlara müraciət edə bilsin. Həmçinin zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsulları alıb onlara verə bilərlər”.

Deputat əlavə edib ki, AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyat olunmalı və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı oldu:

“Təhlükənin aradan qaldırılması könüllülərin iştirakı ilə bağlı olub. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi-Qan Bankı birlikdə “Könüllü Donor” aksiyasına start veriblər. Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində bu aksiyalar təşkil olunub və könüllülər burada fəal iştirak ediblər.

Bu gün gənclər pandemiya ilə bağlı maarifləndirmə işləri də aparırlar və burada əsas məqsəd bu vəziyyətdən daha az itki ilə çıxmaq, insanların rifahı üçün çalışmaq və könüllülər vasitəsilə həssas təbəqədən olan insanlara köməklik göstərməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti