...

Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır

Siyasət Materials 29 May 2020 13:14 (UTC +04:00)
Bütün ölkə boyu mükəmməl infrastruktur layihələrinin icrası yenə ön plandadır
Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanı yeni hədəflərə doğru aparır

Bakı. Trend:

Azərbaycan dövlətinin prioritetləri dəyişməzdir. Vətəndaşın yanında olmaq, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də həssas kateqoriyadan olan insanların yüksək rifahını təmin etmək Prezident İlham Əliyevin gündəlikdə daim saxladığı ən vacib məsələdir.

Azərbaycan öz vətəndaşlarına, xüsusilə də qayğıya ehtiyacı olan insanlara hər addımda sahib çıxan çox nadir ölkələrdəndir. Prezident İlham Əliyev bütün fəaliyyəti boyu bu humanist və insanpərvər prinsiplərə əsaslanıb və digər ölkələr üçün nümunəvi ənənə formalaşdırıb.

Erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin sosial müdafiəsi, onların yüksək həyat şəraiti də həmişə diqqətdə saxlanılıb. İndiyədək çətin və ağır şəraitdə yaşayan on minlərlə ailə yeni və müasir şəhərciklərdə mənzillərlə təmin olunub. Prezidentin şəxsi nəzarətində olan bu proses bu gün də davam etdirilir. Respublika Günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobu Park-3 yaşayış kompleksini istifadəyə verməsi əslində məcburi köçkün və şəhid ailələrinə əvəzsiz bayram hədiyyəsi idi. Lakin bu şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Heç şübhəsiz ki, torpaqlarımız erməni işğalından azad ediləndən sonra tarixi ərazilərimizdə ən müasir binalar, evlər tikiləcək, dağıdılmış şəhərlər yenidən qurulacaq. Bu, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu ən başlıca vəzifə, müəyən etdiyi dəqiq hədəfdir.

Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Qobu qəsəbəsində yerləşən hər üç yaşayış kompleksinin inşası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və müəllifi olduğu yol xəritəsi çərçivəsində reallaşdırılıb. Yeni qəsəbənin əsas xüsusiyyəti buradakı bütün işlərin özəl sektor tərəfindən görülməsidir. Prezident İlham Əliyevin bir neçə il əvvəlki çağırışından sonra özəl sektorun bu önəmli sosial layihələrin icrasına töhfə verməsi olduqca sevindirici haldır. Yeni şəhərcikdə ən müasir infrastruktur və sosial obyektlərlə yanaşı, məcburi köçkünlərin məşğulluq problemlərinin həlli də nəzərdə tutulub. Burada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xətti ilə istehsalat müəssisələri yaradılıb. Məcburi köçkün şəhərciklərində ilk dəfədir ki, fəaliyyətə başlayan bu obyektlər sakinlərin işlə təmin edilməsində xüsusi əhəmiyyət daşıyacaq.

Prezident İlham Əliyevin xüsusi diqqətdə saxladığı məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafı, bölgələrdə yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Azərbaycan Prezidenti hakimiyyətinin ilk illərindən bu sahədə ciddi addımlar atmağa başlayıb, regionların inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib. Ötən illər ərzində davam etdirilən bu uğurlu siyasət nəticəsində bölgələrimiz başdan-başa yenilənib. Regionların siması tamamilə dəyişib, belə desək, kəndlə şəhər arasında fərq hər gün azalmağa doğru gedir. Bütün bunlar Azərbaycan vətəndaşlarının sosial rifahı və əlbəttə ki, məmnunluğu üçündür.

Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Prezident İlham Əliyevin sosial siyasəti bu gün daha sürətlə davam etdirilir, sosial sahədə planlaşdırılan layihələr gündəlikdən çıxarılmır. Əslində, Prezident İlham Əliyev pandemiyanın ilk günlərindən heç bir sosial layihənin təxirə salınmayacağını, büdcə xərclərinin ixtisar edilməyəcəyini bildirmişdi. Biz bu gün verilən vədlərin qətiyyətlə yerinə yetirildiyinin şahidiyik. Göründüyü kimi, bölgələrdə də ən müasir infrastruktur obyektlərinin tikintisi və istifadəyə verilməsi yenə gündəmdədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şamaxı rayonuna səfəri də bu baxımdan böyük əhəmiyyətə malik idi. Səfər çərçivəsində reallaşan layihələr bir daha göstərdi ki, dövlətin prioritetləri hətta ən ağır şəraitdə də dəyişməz olaraq qalır. Daha bir önəmli məqam isə odur ki, Prezident və xanımı açılışlarda şəxsən iştirak edir, görülən işlərlə yerindəcə tanış olur, insanların problemlərinin həlli ilə bağlı lazım olan tapşırıqlar verilir.

Şamaxıda istismar müddəti başa çatmış evlərdə yaşayan vətəndaşlar, həmçinin zəlzələdən zərər çəkən ailələr üçün inşa edilən binalar insanların rahat yaşaması üçün əvəzsiz töhfədir. Ötən ilin fevralında Şamaxı bölgəsində baş vermiş zəlzələdən dərhal sonra Prezidentin bölgəyə səfəri, hadisə yerlərinə şəxsən baş çəkməsi, insanların problemləri ilə maraqlanması və ziyan çəkmiş vətəndaşlar üçün tez bir müddətdə yeni evlərin tikilməsi ölkə ictimaiyyətinə yaxşı məlumdur. Azərbaycan bu baxımdan da fərqlənir, dövlət çətin və ağır vəziyyətə düşmüş vətəndaşına sahib çıxır, ona dayaq olur. Bu, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin, humanist və insanpərvər yanaşmasının göstəricisidir.

Bölgədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması işində Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Fondun rəhbərliyi indiyə kimi prosesə çox mühüm töhfələr verib. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə tez bir zamanda onlarla fərdi ev, məktəbəqədər və orta məktəb binaları tikilərək istifadəyə verilib. Fond tərəfindən Şamaxı şəhərində inşa edilən körpələr evi-uşaq bağçası, həmçinin Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının bu günlərdə istifadəyə verilməsi də yerli əhali üçün çox böyük hadisə idi. Bu layihələr şübhəsiz ki, dövlətin sosial siyasətinin, vətəndaşlara, bölgədə məskunlaşmış insanlara xüsusi diqqət və qayğının nümunəsidir. Bu siyasət, həmçinin gələcək nəsillərin sağlam böyüməsi, savadlı və layilqi vətəndaş kimi yetişməsinə hesablanıb.

Şamaxıda şəhər təsərrüfatı, kommunal, səyyar tibbi yardım və digər sahələrdə xidmətin keyfiyyətini yüksəltmək üçün də genişmiqyaslı addımlar atılır. Əlbəttə ki, Prezident İlham Əliyevin bu tip təşəbbüsləri regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə layiqli həyat şəraitinin qurulmasına xidmət edir. Dövlət başçsının hədəfi ölkənin digər şəhərlərinin də bu cür texnika və nəqliyyat vasitələri ilə təchizatını təmin etməkdir. Son illər ölkəmizin yol infrastrukturu da tamamilə yenilənib, müasirləşib. İndi ən ucqar dağ kəndlərində belə yeni və keyfiyyətli yollar çəkilir. Bunun nəticəsidir ki, yolların keyfiyyətinə görə, Azərbaycan dünya miqyasında ilk yerlərdə qərarlaşır.

Yol mədəniyyət, rahatlıq, tərəqqi deməkdir. Müasir yollar ölkəmizin iqtisadi inkişafını, turizmin çiçəklənməsini şərtləndirən əsas amillərdəndir. Ona görə də Prezident İlham Əliyev bu sahəyə həmişə böyük önəm verib. Şamaxı rayonunun yol infrastrukturu da bu baxımdan daim yenilənir və bu proses davam etdirilir. Təsadüfi deyil ki, son səfər zamanı Prezident şəhərdaxili yolların vəziyyəti ilə bağlı narahatlığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Ümumiyyətlə, Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri regionların inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının şaxələnməsinə və bütövlükdə ölkəmizin bütün rayonlarının tərəqqisinə xidmət edir. Məlumdur ki, regionların milli iqtisadiyyatımızın inkişafındakı rolu olduqca əhəmiyyətlidir. Bölgələrdə açılan yeni istehsal müəssisələri, sahibkarlara göstərilən dəstək, kənd təsərrüfatına marağın artırılması və bu kimi kompleks tədbirlər gələcəyə hesablanan düşünülmüş siyasətdir.

Dini ziyarətgahların qorunması və yenidən bərpa edilməsi, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə xüsusi diqqət və qayğı həmişə dövlət siyasətinin mərkəzində dayanıb. Azərbaycandakı məscidlər, tarixi abidələr, dini məbədlər, ziyarətgah və müqəddəs ocaqlar zaman-zaman təmir edilib, dövlətin xüsusi mühafizəsi altına alınıb. Burada da Heydər Əliyev Fondunun müstəsna xidmətləri danılmazdır. Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması, həmçinin Pir Ömər Sultan ziyarətgahında konservasiya və bərpa işlərinin aparılması bu əvəzsiz xidmətlərin birbaşa təzahürüdür.

Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların kəsişməsində yerləşən ölkə olaraq dünyada həm də dini tolerantlığın, multukultural dəyərlərin bərqərar olduğu məkan kimi tanınır. Bu unikal imicin qazanılması təsadüfi deyil. Çünki, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü və birbaşa nəzarəti ilə xarici ölkələrdə bir çox kilsələr, sinaqoqlar və digər müqəddəs məbədlər təmir edilib. Mehriban Əliyevanın bu humanist fəaliyyəti Azərbaycanın tolerantlıq ənənələrini dünyada tanıdır, təbliğ edir. Bu xoşməramlı siyasət beynəlxalq aləmdə dərin məmnunluq hissi ilə qarşılanır.

Beləliklə, dünyanın başı pandemiya ilə mübarizəyə qarışdığı ağır bir zamanda Azərbaycan nəinki bu çətin sınaqdan uğurla çıxır, hətta növbəti hədəflərə doğru əzmlə irəliləyir. Vətəndaşların sosial rifahı, sağlam, rahat və təhlükəsiz həyat şəraiti, bütün ölkə boyu mükəmməl infrastruktur layihələrinin icrası yenə ön plandadır.

Sahil Kərimli,
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktor müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti