...

Afət Həsənova: Azərbaycan polisi pandemiya ilə mübarizədə böyük fədakarlıq göstərir

Siyasət Materials 8 İyun 2020 15:40 (UTC +04:00)
Afət Həsənova: Azərbaycan polisi pandemiya ilə mübarizədə böyük fədakarlıq göstərir

Bakı. Elçin Mehdiyev - Trend:

Məlumdur ki, koronavirus pandemiyası dövründə virusun qarşısının alınmasında bir sıra peşə sahiblərinin üzərinə böyük yük düşür. Bu baxımdan, Azərbaycan polisləri də virusla ön cərgədə mübarizə aparan peşə sahibləridirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Azərbaycan polisləri gecə-gündüz, soyuq-isti demədən virusla mübarizədə böyük fədakarlıq göstərir və öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər:

“Bilirsiniz ki, koronavirusla bağlı ölkəmizdə karantin rejimi tətbiq edilir, eyni zamanda pandemiyanın qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən qaydalar müəyyən edilir və tövsiyələr verilir. Əlbəttə ki, bütün bu qaydalar vətəndaşlarımızın sağlamlığının qorunması məqsədi daşıyır və bunların yerinə yetirilməsi vacib əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, bu qaydaların yerinə yetirilməsinə nəzarət məsuliyyəti əsasən polislərimizin üzərinə düşür.

Polis əməkdaşları bu vəzifəni çox sivil qaydada, vətəndaşlarımızı maarifləndirməklə yerinə yetirirlər. Bu baxımdan, Azərbaycan polisi vətəndaşlarla insani və xoş davranışlarına görə dünyada nümunə göstərilə bilərlər. Polislərimiz qaydalara nəzarət etməklə yanaşı, ehtiyacı olan vətəndaşlarımıza köməklik göstərməklə də böyük humanistlik nümayiş etdirirlər. Biz sosial şəbəkələrdə də bunun nümunələrini görə bilərik. Polis əməkdaşları tərəfindən insanların xəstəxanaya çatdırılması, yaxınının dəfninə getmək istəyən şəxsin ünvana aparılması, ehtiyacı olan xəstə uşağa qidanın çatdırılması və s. kimi insani davranışlar polislərimizin hər zaman layiqincə xalqımızın keşiyində durmasının bariz nümunəsidir.

Ancaq əfsuslar olsun ki, kimlərsə polislərimizin bu cür yüksək səviyyəli xidmətinə kölgə salmağa çalışır, sosial şəbəkələrdə polislərin əleyhinə təbliğat aparır. Əlbəttə ki, bu yolverilməzdir, polislərimizin bu cür həssas dönəmdə yüksək peşəkarlıq nümayiş etdirməsi virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti