Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus pandemiyası dünyanı caynağına almış bir xəstəlikdir. Bu virusa qarşı dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da mübarizə aparılır. Ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyəti nəzarət aldında saxlamaq mümkün olub.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və görülən tədbirlərin nəticəsi idi ki, həm yoluxanların, həm də ölənlərin sayına görə ölkəmiz azsaylı nümunəvi ölkələrdən idi: “Bunun nəticəsi idi ki, ölkəmizdə karantin rejiminin yumşaldılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirildi ki, pos-pandemiya dövründə insanlarımız sosial məsafə və gigiyena qaydalarına əməl etməklə, tibbi maskadan taxmaqla xəstəliyə qarşı mübarizəni özləri şüurlu şəkildə həyata keçirə bilsinlər.
Lakin karantin rejiminin yumşaldılması cəmiyyətimizdə bir arxayınçılıq yaratdı, insanlar özlərini artıq bu xəstəlik yox olmuş kimi aparmağa başladılar. Şəhərdə az sayda insanlar tibbi maska taxırdı və yaxud heç bir faydası olmayan şəkildə taxırdı, sosial məsafə saxlayan insanlar çox az sayda idi. Belə bir təsəvvür yaranırdı ki, koronavirus artıq yox olub.
Ancaq təəssüflər olsun ki, bu xəstəliyin vaksini hələ tapılmayıb və digər dərəfdən də bu xəstəlik dalğavaridir və artıq virus dünyada yenidən artmağa başlayıb. Dünyanın bir parçası kimi Azərbaycanda da yoluxmaların sayında xeyli artım müşahidə olunur və bu da böyük təhlükə yaradır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın ölkənin bir hissəsində karantin rejimini yenidən sərtlədirməsi çox vacib və yerində olan bir addımdır.
Sözsüz ki, bu qərarın məqsədi vətəndaşlarımızın sağlamlığını və təhlükəsizliyini qorumaqdır. İnsanlarımız məsuliyyətli davranmalıdır və bununla da hər kəs tək özünü yox, yaxınlarını, qohumlarını, dostlarını, ümumiyyətcə cəmiyyətimizi və dünyamızı qorumuş olurlar”.