...

Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar

Siyasət Materials 11 İyul 2020 19:55 (UTC +04:00)
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar

Bakı. Trend:

Bu ilin 10 iyul tarixində Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edildi.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın beynəlxalq tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır.

Azərbaycanın ərazilərini hərbi işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu “milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq-Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edildiyini xatırladırıq.

Ermənistan rəhbərliyinin Azərbaycanın hərbi işğal altında saxladığı ərazilərində “suverenlik” iddiası, işğalçı siyasətinin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strayegiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyildir.

Beynəlxalq tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti