Bakı. Trend:
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti cari ilin 28 iyul tarixində Filippin Respublikasının paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankı (ADB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Asiya-Sakit okean Anti-Korrupsiya Təşəbbüsü çərçivəsində “COVID-19 çağırışlarının cavablandırması və bərpasında dürüstlüyün qorunması” mövzusunda videoformatda keçirilmiş tədbirdə iştirak edib.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, müxtəlif dövlətlərin 100-dən artıq təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, o cümlədən Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov iştirak edib.
Tədbirdə COVID-19 ilə mübarizə çərçivəsində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan islahatlara dəstək, iştirakçı ölkələr arasında əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi və beynəlxalq qurumlarla bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində geniş müzakirələr aparılıb.
Qeyd edilməlidir ki, cari ildən etibarən Azərbaycan Respublikası ADB və OECD-nin Asiya qitəsi və Sakit okean regionu üçün nəzərdə tutulmuş Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planına qoşulub.