...

Prezident İlham Əliyev: Stasu-kvo deyilən məsələ yoxdur, mən dəyişdirdim status–kvonu

Siyasət Materials 9 Oktyabr 2020 19:47 (UTC +04:00)
Prezident İlham Əliyev: Stasu-kvo deyilən məsələ yoxdur,  mən dəyişdirdim status–kvonu

Bakı. Trend:

Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik. Biz məcbur etdik onları. Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti