...

Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir... - Tamam Cəfərova

Siyasət Materials 7 Noyabr 2020 10:14 (UTC +04:00)
Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir... - Tamam Cəfərova

Bakı. Trend:

Prezident Cənab İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində münaqişə ilə bağlı bir çox suallarla yanaşı demək olar ki, bütün müxbirlər tərəfindən verilən daha bir suala da ətraflı cavab verdi. Bu sual ordumuzda Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədiklərinin doğru olub olmaması ilə bağlı idi. Cənab Prezidentin cavabı sərt və qəti oldu: “Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik” .

Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Trend-ə açıqlamasında deyib.

Deputat bildirib ki, mücahidlərin mövcudluğu barədə heç bir sübut, heç bir dəlilin olmadığını vurğulayan Prezident İlham Əliyev beynəlxalq birliyə bir daha mesaj göndərdi ki, Azərbaycanın 100 min döyüşçüsü olan nizami ordusu var və kənardan heç bir qüvvəyə ehtiyacı yoxdur. “Əgər ehtiyac olarsa tam səfərbərlik elan edilərsə, bundan bir neçə dəfə çox adam səfərbər edilə bilər. Azərbaycanın müasir silahları, mükəmməl texnologiyası və ən vacibi isə bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, Azərbaycan Ordusunun mücahidlərə ehtiyacı yoxdur”.

Müsahibədə, həmçinin Ermənistan tərəfindən əcnəbilərin döyüşdüyünə dair kifayət qədər dəlillər olmasına baxmayaraq, bu barədə hər hansı bir dövlət və ya beynəlxalq təşkilatın fikir bildirməməsi də vurğulanıb. Qeyd olunub ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. PKK və Yaxın Şərqdən bəzi terrorçuların qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulmalı haqqında da məlumat verilib.

Tamam Cəfərova bildirdi ki, Cənab Prezidentin hər müsahibəsində bu məsələnin gündəmə gətirilməsi açıq-aşkar qərəzliliyin, məkr və hiylənin bariz örnəyidir. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, Azərbaycanın onları döyüş meydanında məğlub etdiyini qəbul etmək onlar üçün yəqin ki, çox ağırdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, guya məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik.

Sonda T.Cəfərova qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Azərbaycanın Müzəffər Ordusu onların “guya məğlubedilməz ordusu” əfsanəsini, mifini darmadağın etdi. Artıq onlar bu xülyadan oyanmağa məcburdurlar. Çünki, regionda yeni bir reallıq, yeni bir güc mərkəzi mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti