...

Anti-Azərbaycan mövqeyi tutan bəzi dövlətlər səmərəli əməkdaşlıqdan məhrum oldular

Siyasət Materials 8 Dekabr 2020 13:17 (UTC +04:00)
Anti-Azərbaycan mövqeyi tutan bəzi dövlətlər səmərəli əməkdaşlıqdan məhrum oldular

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Hazırda ölkəmizdə yeni inkişaf mərhələsi başlayır. Biz regionların sosial-iqtisadi inkişafına dair proqramlarımızın əhatə dairəsini daha da genişləndiririk.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, 30 ilə yaxın işğal altında qalan, bu illər ərzində ermənilər tərəfindən xarabalığa çevrilən tarixi torpaqlarımızın bərpası mərhələsi başlayır:

“Azərbaycan bu prosesə yerli şirkətlərlə yanaşı dost ölkələrin şirkətlərini də cəlb edir. Məlum olduğu kimi, artıq İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri baş tutdu. Cənab Prezident İtaliyalı parlamentarilərlə görüşdə də qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq genişmiqyaslı quruculuq işlərinə

həm də dost olan ölkələrin şirkətləri dəvət edilib. Azərbaycan bu şirkətlər sırasında İtaliyadan olan dostlarımızı da görmək istəyir. Sevindirici haldır ki, İtaliyalı tərəfdaşlarımız artıq müvafiq təkliflərini də veriblər. İki ölkə arasnda qarşılıqlı-faydalı əməkdaşlıq davam etdirilir. İtaliya bu əməkdaşlığın daha da genişləndirilməsinin, şaxələndirilməsinin tərəfdarıdır.

Dövlət başçımızın da qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi həm də əsl dostlarımızı müəyyən etmək üçün fürsət yaratdı. Biz bu dövrdə həm də əsl dostlarımızın kimlər olduğunu dəqiqləşdirə bildik”.

Deputat vurğulayıb ki, Azərbaycan hər zaman əməkdaşlıq platforması, xarici investorlar üçün cəlbedici tərəfdaş olub:

“Regional layihələrin əsas təşəbbüskarı kimi iştirakçı ölkələrin xalqlarının rifahı üçün əlverişli mühit yaradıb. Dost ölkələr, hər zaman bizim haqlı mövqeyimizi dəstəkləyən dövlətlər konstruktiv əməkdaşlıqdan bəhrələniblər. Lakin qərəzli, anti-Azərbaycan mövqeyi ilə seçilən dövlətlər həm də əməkdaşlıqdan kənarda qalmış oldular. Cənubi Qafqaz regionunun ən güclü dövləti ilə əməkdaşlıq əlbəttə, bütün dövlətlərin marağında olan məsələdir. Xüsusilə pandemiyanın iqtisadi sahədə yaratdığı böhran dövründə ikitərəfli əməkdaşlıq xüsusilə böyük əhəmiyyət kəsb edir.

Təbii ki, iqtisadi sahədə səmərəli işbirliyi vacibdir, lakin bizim üçün ən vacib məsələ milli maraqlarımızdır. Heç bir maraq dövlətçilik maraqlarımızı üstələyə bilməz. Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlar zamanı da qeyd etmişdi ki, “Azərbaycan o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Bizə qarşı bütün imkanlarını səfərbər edənlər gün gələcək, xahiş və əməkdaşlıq təklifləri ilə gələcəklər”. Haqlı sual idi - “hansı üzlə baxacaqlar?”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti