...

Beynəlxalq arenada Azərbaycanın növbəti qələbəsi - bu dəfə hüquqi sahədə (FOTO)

Siyasət Materials 9 Yanvar 2021 10:30 (UTC +04:00)
Beynəlxalq arenada Azərbaycanın növbəti qələbəsi - bu dəfə hüquqi sahədə (FOTO)

Bakı. Trend:

Fransada, Strasburq şəhərində, azərbaycanlı hakim Ramin Qurbanov növbəti dəfə ədliyyə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan birinin - Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti seçildi. Avropa Şurasının rəsmi saytının məlumatına görə, o, vəzifəsinə 2021-ci ilin yanvar ayından başlayacaq.

Lissabondan Vladivostoka qədər geniş bir ərazidə yaşayan 830 milyondan çox avropalını əhatə edən, 47 üzv dövlətin yüksək ixtisaslı mütəxəssislərindən ibarət olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (SEPEJ/CEPEJ) Avropa Şurasının ixtisaslaşdırılmış komitəsidir.

Bu Komitə Avropa insan hüquqları konvensiyasına əsaslanaraq, Avropada ədliyyə və məhkəmə sisteminin səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün beynəlxalq hüquq sənədlərini hazırlamaq və tətbiq etmək üçün yaradılmışdır.

Təşkilatın yaradılmasının əsas səbəblərindən biri Avropa İnsan Haqları Məhkəməsinin iddialarla həddindən artıq yüklənməsidir və bu yükü azaltmaq üçün bu komitə Avropa məkanında milli məhkəmə sistemlərinin keyfiyyətini yüksəltməyə çalışır.

CEPEJ-in vəzifələri sırasında bütün Avropa dövlətlərinin məhkəmə sisteminin fəaliyyətinin təhlili, məhkəmə və hüquq islahatlarının həyata keçirilməsinə dəstək, qarşılaşa biləcəkləri problemlərin müəyyənləşdirilməsi, məhkəmə sistemlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün konkret vasitələrin müəyyənləşdirilməsi, Avropa Şurasının mövcud sənədlərinin tətbiqinin yaxşılaşdırılması və onların təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və s. vardır.

Bu vəzifələri həyata keçirmək üçün CEPEJ səmərəlilik göstəricilərini inkişaf etdirir, məhkəmələrin, prokurorluq, ədliyyə orqanlarının, vəkillik fəaliyyətinə dair məlumatları toplayır və təhlil edir, müxtəlif sənədlər hazırlayır (hesabatlar, rəylər, təlimatlar, fəaliyyət planları, bəyannamələr, xartiyalar və s.), həmçinin elmi-tədqiqat müəssisələri ilə əlaqələri inkişaf etdirir, milli səviyyədə məhkəmə sisteminin fəaliyyətinə dair şikayətləri nəzərdən keçirir.

47 dövlət tərəfindən gizli səsvermə yolu ilə Azərbaycan təmsilçisinin Avropa Komissiyasının sədri seçilməsi ölkəmizin beynəlxalq aləmdə bu dəfə isə hüquqi sahədə qazandığı daha bir tarixi qələbə və uğurun parlaq sübutudur. Xüsusi vurğulamaq istərdik ki, R.Qurbanov ikinci dəfə bu təşkilatın prezidenti seçilir - ilk dəfə bu vəzifəyə 2018-ci ildə iki il müddətinə seçilmişdir. Ondan əvvəl bu beynəlxalq quruma Almaniya, İtaliya, Böyük Britaniya, Avstriya nümayəndələri rəhbərlik edirdi. R.Qurbanovun yenidən seçilməsi dövlət başçısı cənab İlham Əliyevin səmərəli kadr siyasətinin və onun həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının uğurudur. Bu islahatların həyata keçirilməsində Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin rəhbərliyi də mühüm rol oynamışdır.

Hüquq elmləri doktoru Ramin Qurbanov müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyində, Ədliyyə Nazirliyində, Milli Elmlər Akademiyasında məsul vəzifələrdə çalışmışdır. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimidir və Azərbaycanda elektron məhkəmənin tətbiqinə cavabdehdir.

Azərbaycan təmsilçisinin Vətən müharibəsindəki qələbə zamanı və bir sıra Qərbi Avropa dövlətlərinin ölkəmizə qərəzli, ədalətsiz münasibəti fonunda seçilməsi xüsusən vacibdir. Məsələn, Fransa Senatı, hansı ki Ermənistanın Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma rejiminin müstəqilliyinə dair tövsiyəedici qərar qəbul etdi. Beləliklə, Fransa Senatı faktiki olaraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə qarşı çıxdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasını dəstəklədi, bu da beynəlxalq hüquqa və xüsusən də onun təməl prinsiplərinə hörmətsizlik kimi qəbul edilə bilər.

Tamamilə əminliklə demək olar ki, Azərbaycan təmsilçisinin belə bir məsul və nüfuzlu vəzifəyə yenidən seçilməsi ilə ölkəmizə Avropa ölkələrində ədliyyə sahəsində beynəlxalq siyasətin həyata keçirilməsində iştirak etmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti