...

Cinayətkar Arutunyanın Moskvaya səfəri regionda sülhə ciddi əngəl törədir

Siyasət Materials 24 Aprel 2021 12:44 (UTC +04:00)
Cinayətkar Arutunyanın Moskvaya səfəri regionda sülhə ciddi əngəl törədir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan tərəfindən axtarışı elan olunmuş müharibə cinayətkarı Araik Arutunyanın Moskvaya səfəri regionda sülhün bərqərar olmasına ciddi əngəl törədir və 10 noyabr sazişinə ziddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Araik Arutunyan cinayətkar və terrorçudur: “Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib. Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın Gəncə, Bərdə və digər şəhərləri, kəndləri və yaşayış məntəqələri erməni terrorçuları tərəfindən qadağan olunmuş raketlərlə atəşə tutulub. Ermənilərin bu terror əməli nəticəsində xeyli sayda dinc vətəndaşımız qətlə yetirilib və ağır yaralanıb, eyni zamanda mülki obyektlərə ciddi ziyan dəyib. Araik Arutunyan bu terror əməllərini və cinayətləri törətdiyini özü etiraf edib. Bir sıra beynəlxalq təşkilatlar da bu cinayət əməllərini pisləyib, həmin ərazilərə səfər edən xarici ölkə rəsmiləri, diplomatik korpus nümayəndələri bütün bunları insanlığa qarşı cinayət adlandırıb. İndi bu cinayətkarın Moskvaya səfəri Azərbaycan cəmiyyətində dərin təəssüf və narahatlıqlar doğurur”.

A.Hüseynov vurğlayıb ki, müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməz haldır: “Araik Arutunyanın Moskvaya səfəri eyni zamanda ciddi suallar yaradır. Bu səfər kimlər tərəfindən təşkil olunur və onun məqsədi nədir? A.Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib? Hesab edirəm ki, bu suallara Rusiya tərəfindən aydınlıq gətirilməlidir və Azərbaycan cəmiyyəti bu suallara cavab gözləyir. Çünki separatizmin nə olduğunu öz təcrübəsində görən Rusiyaya belə şəxslərin səfəri başa düşülən deyil. Onu da qeyd edim ki, Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır və Azərbaycanın Rusiyaya olan inamını zədələyir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Ermənistan tərəfindən 10 noyabr sazişinin yerinə yetirilməsinə ciddi əngəllər törədilir, ermənilər yeni-yeni təxribatlara əl atır. Azərbaycan xalqı bu sazişdə tərəf olan Rusiyadan ermənilərin bu əməllərinin qarşısının alınması və sazişin yerinə yetirilməsi istiqamətində ciddi tədbirlər görməsini gözləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti