...

Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?

Siyasət Materials 18 May 2021 16:25
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Nikol Paşinyanın Ermənistan parlamentinə iki dəfə baş nazir seçilməməsi siyasi oyundur.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, burada məqsəd parlamentin buraxılmasına şərait yaratmaqdır: “Baş nazir iki dəfə seçilmədiyi təqdirdə parlament buraxılır. Paşinyan 20 iyuna növbədənkənar parlament seçkiləri təyin edib və bu seçkilərin keçirilməsi üçün parlament buraxılmalıdır. Bu baxımdan, məqsəd ondan ibarədir ki, baş nazir iki dəfə seçilməsin və parlament buraxılsın, çünki seçilsə, onda parlamentin buraxılmaması məsələsi problem yaradacaq. Paşinyanın “Mənim addımım” partiyası parlamentdə çoxluq təşkil edir, amma öz partiyasının nümayəndələri ona səs vermirlər. Ona görə də məsələ tamamilə aydındır. Paşinyan seçkiləri artıq təyin edib. Yəni bütün bunlar öz oyunlarıdır”.

E.Nəsirovun fikrincə, bu gün Ermənistanda seçki prosesində 3 cəbhə mövcuddur: “1-ci cəbhə Paşinyanındır və onun da məlum kapitulyasiya aktına imza atmasından sonra elektoratı xeyli azalıb. 2-ci cəbhə revanşistlərin cəbhəsidir. Revanşistlərin də elektoratı heç də Paşinyanın elektoratından üstün deyil, daha zəifdir. 3-cü cəbhə isə gözə görünməyən cəbhədir, onlar gözləmə mövqeyindədirlər və seçki marafonu finişə yaxınlaşanda onlar qərarlarını dəqiqləşdirəcəklər ki, kimə səs versinlər, elə seçkinin taleyini də onlar həll edəcək. Ona görə də 20 iyuna qədər Paşinyan da, revanşistlər də öz bəyanatlarında daha çox 3-cü qüvvəni nəzərə alırlar.

20 iyuna qədər Ermənistanda populizm pik nöqtəsinə çatacaq və bu da daxili auditoriya üçün ünvanlanmış olacaq. Amma 20 iyundan sonra yeni reallıq başlayacaq. Yeni reallıq isə ya qarşıdurma, ya da əməkdaşlıq olacaq. Əməkdaşlıq Ermənistanın nicat yoludur, qarşıdurma isə məhvi deməkdir. Ona görə də hesab edirəm ki, 20 iyundan sonra sülh və siyasi tənzimləmə prosesində yeni və sürətli gedişlərin şahidi ola bilərik.

Bütün hallarda Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, 10 noyabr razılışmasının yerinə yetirilməsi mütləqdir və alternativi yoxdur. Yəni alternativ özünəqəsdə bərabər bir addımdır”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti