Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ikinci Qarabağ müharibəsindən sonra hərtərəfli və dayanıqlı tənzimləməyə nail olmaq üçün geniş əməkdaşlığa hazırdır.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin Cənubi Qafqaza səfərinin yekunları ilə bağlı yazıb.
O bildirib ki, nazirlər Cənubi Qafqaz ölkələri liderlərinə üç əsas məlumatı çatdırıb: Aİ regionda münaqişələrin tənzimlənməsinə kömək edən fəal iştirakçı olmaq niyyətindədir; Aİ regional əməkdaşlığı dəstəkləyərək ikitərəfli münasibətləri inkişaf etdirməyə hazırdır; Aİ "Şərq tərəfdaşlığı" siyasətinin çevikliyinə və inklüzivliyinə sadiqdir:
"Cənubi Qafqaz Aİ üçün Avropanı Asiya ilə bağlayan nəqliyyat dəhlizləri və enerji ehtiyatlarının şaxələndirilməsi baxımından vacibdir. Biz regionun əməkdaşlıq qovşağı kimi rolunu möhkəmləndirməliyik. ATƏT Minsk qrupu həmsədrlərinin səylərinin dəstəklənməsi hərtərəfli və dayanıqlı tənzimləməyə nail olmaq üçün ən yaxşı vasitədir. Bununla belə, biz bu səylərdə daha da faydalı olmaq istəyirik və daha çox iş görməyə hazırıq".
(Tərcümə: Orxan Nəbiyev)