...

Böhrandan intibaha doğru

Siyasət Materials 6 Noyabr 2021 15:44 (UTC +04:00)
Böhrandan intibaha doğru

Bakı. Trend:

Bir ildir ki, hər bir azərbaycanlı, hamımız, sanki yeni bir həyat yaşayırıq. Ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, güclü sərkərdə, istedadlı diplomat, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 il həsrəti ilə yaşadığımız torpaqlarımızı işğaldan azad etdi.

Bu möhtəşəm qələbəni düzgün dəyərləndirmək üçün onun köklərində olan tarixi hadisələrə nəzər salmaq, torpaqlarımızın 20 faizinin zəbt edilməsi və uzun illər işğalda saxlanılması ilə bağlı sualların cavabını aydınlaşdırmaq faydalı olardı. 200 ildən artıqdır ki, torpaqlarımıza göz tikmiş ermənilər, tarixboyu azərbaycanlılara qarşı qanlı hadisələr, soyqırımlar törətmiş, lakin bu torpaqları özününküləşdirməyə nail ola bilməmişlər.

1992-ci ildə əsrin faciəsi adlanan Xocalı soyqırımı nəticəsində dinc əhali, qadınlar, uşaqlar, qocalar tələf olmuş, əsir götürülmüş, itkin düşmüşlər. Daşaltı, Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya və başqa qəsəbə və kəndlərdə də soyqırımı hadisələri baş vermişdir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 300.000-dən çox, habelə zəbt olunmuş torpaqlarımızdan 600.000-dən çox soydaşımız 30 ilə yaxın qaçqın və məcburi köçkün ömrü yaşadı, bədnam ermənilərdən fərqli olaraq, dünyaya səpələnmədi, öz xalqına pənah gətirdi və respublikanın ayrı-ayrı rayonlarında qurulmuş düşərgələrə yerləşdirildilər.

1991-ci il 18 oktyabr tarixdə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Lakin bu illər xalqımızın tarixində çox ağır dövr idi. Hakimiyyəti zəbt etmiş səriştəsiz, demokratik dövlətçilikdən, xalqın taleyindən və maraqlarından uzaq olan qüvvələr, ölkəni qısa müddətdə dərin siyası, iqtisadi, hərbi-siyasi böhrana, xaosa, dağıntılara məruz qoydular, vətəndaş müharibəsinə sürükləyərək, müstəqilliyimizi itirmək təhlükəsi yaratdılar. Bu vəziyyətdən istifadə edən ermənilər bir-birinin ardınca rayonlarımızı, ümumilikdə, ərazimizin 20 faizdən çoxunu zəbt etdilər, əhalini zorakılıqlara, silah gücü ilə əzablara məruz qoyduar.

İnsanlar bu ağır, böhran vəziyyətindən çıxmaq üçün ümidlərini xilaskar kimi Heydər Əliyevə bağlamışdılar. Xalqın etibarını, inamını qazanmış Heydər Əliyev vəziyyəti nəinki idarə etmək, hətta ona nəzarət etməyi bacarmayan ovaxtkı hakimiyyətin xahişi, insanların təkidi ilə Bakıya qayıtdı. 1993-cü il 15 iyun tarixdə ikinci dəfə hakimiyyətə qayıtmış Heydər Əliyevi vətəndaşlarımız izdihamla qarşılamış və həmin tarixi dirçəlişə, qurtuluşa aparan gün adlandırmışlar. Əslində, bu, həqiqətən, dirçəlişə, böyük inkişafa, intibaha aparan yol idi. Heydər Əliyev hakimiyyətə gələn gündən dövlət quruculuğu, siyasi və iqtisadi islahatlar, inkişaf strategiyaları nəticəsində qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına nail oldu. Torpaqlarımızın işğaldan azad olunması Ulu Öndəri narahat edən əsas məsələ olmuşdur. Odur ki, hakimiyyətə qayıtdıqdan bir neçə ay sonra Ermənistanla atəşkəs razılığına nail olundu. Heydər Əliyevin mühüm xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının güclü Ordusunun yaranması və inkişafı istiqamətində atdığı addımlar olmuşdur.

Xalqın qayğıları ilə yaşayan, onu 30 illik işğal əzablarından xilas edən Prezident İlham Əliyevdən mövcud şəraitə uyğun, zamanın qarşısında qoyduğu problemlərin həlli üçün yeni qərarlar, unikal strategiyalar, müasir taktikalar tələb edirdi. Prezidentimiz bu ağır imtahandan da uğurla çıxdı. Həmin problemlərin kökündə 30 ilədək davam edən Qarabağ münaqişəsinin həlli zərurəti dayanmışdı.

Müharibə, ermənilərin təxribatları və Azərbaycan ərazisinin, dinc əhalinin atəşə tutulması davam edirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin münaqişənin sülh yolu ilə həll olunması, müharibənin dayandırılması, hətta təsdiqlənmiş cədvəl üzrə öz hərbi qüvvələrini və müxtəlif ölkələrdən cəlb etdikləri döyüşçülərlə tamamlanmış qeyri-qanuni dəstələri zəbt olunmuş Azərbaycan ərazilərindən çıxardığı halda müharibəyə son qoymağa təklif etsə də, erməni tərəfi heç bir sülh təşəbbüsü ilə razılaşmadan Azərbaycan şəhərlərini, qəsəbələrini, dinc əhalini atəşə tutmaqda davam edirdi.

2016-cı ilin aprel ayının ilk günlərində düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücüm əməliyyatları ilə dördgünlük döyüşlər nəticəsində Füzuli, Cəbrayıl, Tərtər rayonlarının bəzi ərazisini, bu ərazilərdə strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi, minlərlə hektar ərazilər Azərbaycanın nəzarətinə keçdi.

2020-ci ilin iyul ayında Tovuz rayonunda ermənilərin növbəti təxribatları bu məqsədi daşıyırdı ki, Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədlərini pozsun və onunla uzunmüddətli hərbi əməkdaşlığı olan üçüncü dövləti müharibəyə cəlb etsin. Lakin Ali Baş Komandanın tapşırıqlarına dəqiqliklə riayət edən ordumuz əks-hücümlarında buna imkan vermədi, Prezidentin əmrini rəhbər tutaraq dinc əhaliyə atəş açmadı. Azğınlaşmış erməni hərbçilərinin dinc əhaliyə qarşı atışmaları, cəbhəboyu hücümları davam edirdi. Bu hadisələr İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirdi. Artıq xalqımızın səbir kasası dolmuş və 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə ordumuz əks-hücüma keçdi. Bir gün sonra Ali Baş Komandanımız ölkədə qısmən səfərbərlik elan etdi. Beləliklə, 2020-ci il sentyabrın 27-si Vətən müharibəsi başladı. Xalqımız, ordumuz bu əmri böyük coşqu, sevinclə qarşıladı. Ölkənin bütün şəhər və rayonlarında hərbi səfərbərlik məntəqələri önündə orduya qoşulmaq, torpaqlarımızı işğaldan azad etmək üçün böyük izdiham, növbələr yarandı. Səfərbərliyə cəlb olunanların anaları, ailələri, əhali çal-çağırla, xeyir-duaları ilə oğullarını Vətən uğrunda müharibəyə yola salırdılar.

Müharibənin ilk günlərindən strateji yüksəkliklər azad olundu, düşmənin müdafiə xətti, möhkəm istehkamları yarıldı, Tərtər rayonu, Suqovuşan (2020-ci ilə qədər Madagiz adlanmışdı) qəsəbəsi, Cəbrayıl şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Qubadlı şəhəri, Qarabağın tacı, incisi adlandırılan Şuşa şəhəri azad olundu. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsini və müharibənin sonundan xəbər verdi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması barədə birgə Bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonunun ərazisi bir güllə atılmadan, döyüşlərsiz, itki vermədən azad olundu.

44 günlük Vətən müharibəsi günlərində Gəncə, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Goranboy, Tərtər və Mingəçevirə dəfələrlə raket hücümları nəticəsində 11-i uşaq olmaqla 100-dən çox dinc əhali qətlə yetirildi, 450-dən çox insan yaralandı. Bu hərəkətləri ilə BMT-nin genosid aktının bəşəriyyətə qarşı cinayət olduğunu və onu törədənlərin cəzalandırılması haqqında qətnaməsi, müharibə zamanı dinc əhali ilə rəftarı qaydalarını tənzimləyən Helsinki, Genevrə Konvensiyaları və başqa beynəlxalq aktları öz hərbi əməliyyatları ilə daim kobudcasına pozan Ermənistana heç bir sanksiya, cəza tətbiq olunmadığından belə qeyri-insani rəftarı davam etdirməkdə idilər.

44 günlük Vətən müharibəsi günlərində torpaqlarımızın azad olunması ilə bağlı Ali Baş Komandan 11 dəfə xalqımıza müraciət edərək Qələbə müjdəsi ilə xoş ovqat, nitqi ilə xalq və ordunun əhvali-rühiyyəsində dönüş yaratdı. Hər azad olunmuş yaşayış məntəqəsində, strateji əhəmiyyətli yüksəklikdə cənab Prezidentin “Qarabağ bizimdir!” sözləri ilə üçrənqli bayrağımızın qaldırılması bir el bayramına çevrildi, küçələrdə soydaşlarımızın təşkil etdikləri yürüşlərlə qarşılandı. İnsanlarımızın nitqində artıq “məğlub xalq”, “zəbt olunmuş torpaqlar”, “məcburi köçkün” kimi sözləri əvəzinə yeni ifadələr səsləndi. Bunlar “müzəffər Prezidentimiz”, “qalib xalqımız”, “rəşadətli Ordumuz”, “azad olmuş torpaqlarımız”, “bərpa-quruculuq işləri” və “qayıdış” sözləridir.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində şanlı zəfəri öz qəhrəmanlıq salnaməsinə silinməz qızıl hərflərlə yazdı. Bu tarixi qələbəyə müzəffər Prezidentimiz, Ali Baş Komandan, güclü sərkərdə İlham Əliyev real ağır müharibə şəraitində öz strategiyaları, xalqımızı, ordumuzu ətrafında sıx birləşdirmiş vahid güvvə, düşməni lərzəyə salan güclü “dəmir yurmuğ”u ilə nail oldu. Hər bir şəhərimiz, qəsəbəmiz, kəndimiz işğaldan azad olduqda, qələbə müjdəsi xalqımızı, ordumuzu ruhlandırır, zəfərə inamını gücləndirir, yeni uğurlara doğru aparırdı. Dünya hərb tarixində görünməmiş sürətlə şanlı ordumuz 5 şəhəri, 4 qəsəbəni, 300 kəndi, çoxsaylı strateji yüksəklikləri azad etdi. Bununla da uzun müddət torpaqlarından zorla, silah gücü ilə qovulmuş çətin şəraitdə, əzablara məruz qalmış, öz vətənində məcburi köçkün həyatı sürmüş 1 milyon soydaşlarımızın üstündən ağır ad götürüldü, ata-baba yurduna qayıtmaq həsrəti, ümidi reallaşdı, gerçəkliyə çervildi. Bu Zəfər xalqımızın nüfüzunu, şərəfini, ləyaqətini qaldırdı, beynəlxalq aləmdə qəhrəman xalq kimi tanıtdırdı.

Müdrik sərkərdəmizin rəhbərlyi ilə rəşadətli Ordumuz yüksək peşəkarlıqla, qəhrəmanlıqla, cəsarətlə geriyə bir addım atmadan, ara vermədən, ildırım sürəti ilə irəliləyib, Vətən uğrunda apardığı döyüşlərdə qalib gəldi, müharibəni zəfərlə sona çatdırdı. Bu müharibə bir çox xüsusiyyəti ilə dünya hərb tarixində özünəməxsus yer tutmuşdur. İlham Əliyevin “dəmir yumruğ”u erməni ordusunu darmadağın etdi, döyüş meydanından qaçan zabitlərini, kütləvi fərarilik edən əsgərlərini zəlil günə saldı, Ermənistan dövlətini isə siyasi, iqtisadi və mənəvi iflasa məruz qoydu.

Prezidentimiz güclü arqumentlərə, tarixi faktlara, geniş intellektə, hazırcavablığına əsaslanan məntiqi çıxışları, dialoq qurmaq, müsahibə vermək məharəti ilə informasiya müharibəsində də qalib oldu.

Zəbt olunmuş torpaqlarımızın hər bir qarışı əsgər və zabitlərin, fədakar oğullarımızın qanı, canı hesabına qazanılmışdır. Rütbəsindən asılı olmayaraq generallarımız əsgərlərlə yanaşı döyüşür, yaralansa da döyüş meydanını tərk etmir, bir-birini ruhlandırır, dəstək olur, “dəmir yumruğ”un ətrafında sıx birləşərək yüksək nizam-intizamla qələbəyə doğru irəliləyirdilər. Bu qəhrəman övladlarımızı, gənclərimizi böyüdən analar, balasını yola salanda qələbə xeyir-duası verir, döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsini fəth etmiş oğullarının tabutunu “Vətən sağ olsun” deyərək qürurla qarşılayırdı. Şəhid balalarımızın valideynləri də Vətənə sədaqət, vətənpərvərlik örnəyi oldular.

Vətən müharibəsi zəfərimizdə Türkiyə-Azərbaycan münasibətlərinin də böyük əhəmiyyəti olmuşdur. Belə ki, milli, dini, mədəni, mənəvi dəyərlər üzərində qurulmuş, dərin kökləri olan Türkiyə-Azərbaycan qardaşlığı son illərdə daha da möhkəmlənmiş və daha yüksək müstəviyə qalxmışdır. 44 günlük Vətən müharibəsi günlərində də Türkiyə Azərbaycana böyük siyasi, diplomatik, mənəvi dəstək verdi, haqq səsimizi geniş beynəlxalq ictimaiyyətə çatdırdı. Türkiyə Prezidenti cənab Rəcəb Tayyıb Ərdogan Bakıda Zəfər paradında iştirak etdi, Şuşa şəhərində Türkiyə ilə Azərbaycan dövlətlərinin əməkdaşlağının müttəfiqlik münasibətləri haqqında Bəyannaməni imzaladı və Füzuli şəhərində 8 ay ərzində tikilmiş yeni hava limanının açılışına qatıldı.

İşğaldan azad olunmuş Qarabağ əraziləri bütün xarici dövlətlər, jurnalsitlər, eksperlər üçün açıqdır. Müxtəlif ölkələrdən gələn dövlət nümayəndələri və siyasi xadimlər, səfirliklərin, beynəlxalq təşkilatların əməkdaşları, jurnalistlər buradakı dağıntıları, xarabazırlıqları görüb dəhşətə gəlir, erməni barbarlarının vəhşiliklərindən, əməllərindən vahimələnirlər.

Ölkə Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş şəhər və qəsəbələrimizdə müharibədən əvvəl orada yaşamış və doğma torpaqlarını məcburi köçkün kimi tərk edərək həsrətlə azad olunmasını gözləmiş sakinlərlə görüşlər keçirmiş, bir daha tarixi səhifələr yada salınmışdır. Sakinlər bu yerlərlə bağlı xatirələrini bölüşmüş, ərazilərin minalardan təmizlədikdən və yaşamaq üçün yararlı vəziyyətə salındıqdan sonra böyük həvəslə öz ata-baba yurdlarına köçürülmələrini səbirsizliklə gözlədiklərini bildirmişlər.

Beləliklə, artıq uzun illər boyu arzusunda olduğumuz Böyük qayıdış ərəfəsindəyik. Böyük qayıdışın surətləndirilməsi məqsədilə, azad olunmuş torpaqlarda ilk günlərdən geniş bərpa-quruluş işləri həyata keçirilir. Qısa zamanda yolların bərpası və yenilərinin tikilməsi, Zəfər yolunun hazır olması, eyni zamanda 3 hava limanının tikilməsi, 8 ay ərzində Füzuli hava limanının istismara verilməsi, beynəlxalq status alması nəhəng quruluş işlərinin bariz nümünəsidir.

Dağıdılmış ərazilərdə bərpa-quruculuq işlərinə Azərbaycanla dost münasibətlərdə olan bir çox ölkə də maraq göstərir, lakin ölkəmizin Prezidentinin dediyi kimi, Azərbaycan bu torpaqları öz gücü ilə bərpa edir.

Müharibənin bitməsi ilə bağlı cənab İlham Əliyev xalqa müracətində demişdi: “Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı və fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıtdıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Onların sağalması üçün əlimizdən gələni edirik və edəcəyik də. Biz bu Qələbəyə görə Onlara borcluyuq. Onların hər biri hər bir azərbaycanlının xatirəsində əbədi yaşayacaq”.

Vətən müharibəsində 3000-dək cəsur, mərd soydaşımız fədakarlıqla ömrünü Vətənə qurban verib, şəhidlik zirvəsini fəth etmişlər.Vətən müharibəsində xüsusi xidmət göstərən qazilər yüksək hərbi rütbələr, xidmətlərinə uyğun orden və medallar ilə təltif olunmuşlar. Şəhid ailələrinə, onların əmanəti olan övladlarına xüsusi qayğı göstərilir, onlara mənzil və avtomobillər verilir, habelə tibbi, sosial, sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilir. Mehriban xanım Əliyeva şəhid ailələri, qazilərlə mütəmadi görüşür, onların ehtiyaclarını öyrənir və təmin olunmasında yardımçı olur. Qəbulunda olan qazilərə “qardaşlarım” deyə müraciət edir, onları dinləyir, problemlərini həll edir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə ağır yaralı qazilər müalicə üçün xarici ölkələrə göndərilir, müasir tipli protezlərlə təmin olunurlar. Onların ailə üzvlərinin və özlərinin müalicəsi və istirahəti üçün şərait yaradılır, bir sıra sosial proqramlar həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondlarının (“Yaşat”, Qarabağın Dirçəliş fondları və b.) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını yüksək qiymətləndirmək lazımdır.

Zəfərlə bitmiş Vətən müharibəsi Azərbaycan xalqının təqviminə daha iki əlamətdar tarix: 27 sentyabr - “Şəhidlərin anım günü” və 8 Noyabr - “Zəfər Günü”nü daxil etmişdir. Qələbənin ilk günü bu ilin sentyabrın 27-si kütləvi anım tədbirləri ilə yadda qalıb.

Cənab İlham Əliyev və Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini yad etmək üçün “Zəfər yürüşü”ndə öndə gedərək əllərində hər bir şəhidin şəklini tutan 3000 iştirakçı “Zəfər yürüşü”nə qatıldılar. Mehriban xanımın əlindəki uşaq şəkli isə Vətən müharibəsi illərində dinc əhali qətlə yetirilmiş zaman onların arasında uşaqların da olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu həm də dünya ictimaiyyətinə bir mesajdır: “Gəlin, uşaqları müharibələrdən qoruyaq. Uşaqlar bizim gələcəyimizdir!”

Elmira SÜLEYMANOVA,
professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti