...

Ceyhun Bayramov YUNESKO-nun Baş Direktoru ilə görüşüb

Siyasət Materials 10 Noyabr 2021 16:06 (UTC +04:00)

Bakı. Trend:

10 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov YUNESKO-nun Baş Direktoru Odre Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov YUNESKO-nun Baş Direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib. O, ölkəmizin YUNESKO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlər arası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan-YUNESKO Etimad Fondundan Təşkilatın iki əsas prioritetlərindən olan Qlobal Afrika Prioriteti və Gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir, pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə YUNESKO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, YUNESKO Baş qərargahında təşkil edilmiş tədbirin həm-təşkilatçısı olduğuna görə xanım Baş direktora təşəkkürünü bildirib.

Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını ifadə edib və artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti