...

İşğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və YUNESKO fəal şəkildə dialoq aparır - Ceyhun Bayramov (FOTO)

Siyasət Materials 10 Noyabr 2021 23:39 (UTC +04:00)

Bakı. Trend:

10 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxış edib.

Bu barədə Trend XİN-ə istinadən xəbər verir.

Çıxışında nazir, YUNESKO-nun yaradılmasının 75 illiyini qeyd edildiyi bir vaxtda təşkilatın aktuallığının hər zamankından çox olduğunu vurğulayıb.

Dünyanın COVID-19 pandemiyası ilə mübarizəsinə diqqəti cəlb edən nazir, Azərbaycanın ilk gündən pandemiyanın öz əhalisinə, eləcə də beynəlxalq ictimaiyyətə mənfi təsirini minimuma endirmək üçün ciddi tədbirlərindən danışıb. Əhalimizin 60%-i artıq peyvənd olunduğu, ölkəmizin pandemiya ilə mübarizəni dəstəkləmək üçün 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini vurğulayıb.

Azərbaycanın YUNESKO üzvlüyünün gələn il 30 illiyinin qeyd edəcəyi bildirilib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri sayəsində YUNESKO ilə güclü, dinamik tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Belə ki, Azərbaycan dünyanın müxtəlif yerlərində YUNESKO-nun missiyasını dəstəkləyir və mədəniyyətlərarası dialoqun təşviqində təşkilatın əsas tərəfdaşlarından biridir. Azərbaycan və YUNESKO arasında yaradılmış Etimad Fondu vasitəsilə Afrika, Asiya və Latın Amerikası regionlarındakı YUNESKO-ya üzv dövlətlərə dəstək verilir.

Azərbaycan 2020-ci ilin martında YUNESKO tərəfindən yaradılmış Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib. Bu baxımdan, Azərbaycan bütün dünyada tələbələrə, xüsusən də ən həssas olanlara kömək etmək məqsədi daşıyan fəaliyyətlərə öz töhfəsini verəcək.

Nazir Ceyhun Bayramov Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirib.

İşğal dövründə mədəni sərvətimizə qəsdən vurulmuş ziyandan, mədəni irsimizin tamamilə dağıdılması, talan edilməsi, tarixi-mədəni xarakterinin dəyişdirilməsindən danışıb.

Bundan əlavə, Ermənistanın minalanmış ərazilərin xəritələrini paylaşmaqdan boyun qaçıraraq, qəsdən qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını aldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Ermənistanın törətdiyi bu kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə YUNESKO-ya xəbərdarlıq etdiyi və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığı səsləndirilib. Lakin Ermənistanın bu missiyanın göndərilməsinə əngəl törətdiyi və bunun, YUNESKO-nun 2005-ci il hesabatında etiraf edildiyi vurğulanıb.

Hazırkı münaqişə sonrası mərhələdə Azərbaycan hökuməti tərəfindən görülən bərpa və yenidən qurma işləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işləri qeyd edilib.

Qeyd edilib ki, Azərbaycan münaqişədən sonrakı reabilitasiya prosesində YUNESKO ilə əməkdaşlıq etmək istəyindədir və işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın göndərilməsi məqsədilə Azərbaycan və YUNESKO-nun fəal şəkildə dialoq aparılır. Tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər.

Azərbaycan 2021-2025-ci illər üçün YUNESKO-nun İcraiyyə Şurasına namizəd ölkədir, əgər seçilərsə, Azərbaycan YUNESKO-ya öz məqsəd və ideallarını həyata keçirməkdə daha çox töhfə vermək və yardım göstərmək imkanlarına sahib olacaq.

Çıxışın tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://mfa.gov.az/en/news/no42521

Məqalədə:
Xəbər lenti

Xəbər lenti