...

Fransa hakimiyyəti öz qanunlarını pozur - Səfir Rəhman Mustafayev erməni separatçıların Ermənistana səfəri barədə

Siyasət Materials 22 Noyabr 2021 17:36 (UTC +04:00)
Fransa hakimiyyəti öz qanunlarını pozur - Səfir Rəhman Mustafayev erməni separatçıların Ermənistana səfəri barədə

Bakı. Trend:

Fransanın yerli idarəetmə orqanlarının xarici siyasi fəaliyyətini tənzimləyən məsələlərdə konstitusiya da daxil olmaqla öz qanunvericilikləri Fransa hakimiyyətinin özü tərəfindən pozulur.

Bunu bu gün Trend-ə müsahibəsində Azərbaycanın Fransadakı və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev deyib.

Müsahibəni təqdim edirik:

- Cənab səfir, Xankəndidən erməni separatçıların Fransaya davam edən səfərini necə qiymətləndirirsiniz?

- İlk növbədə, beynəlxalq hüquq baxımından bu səfər nə qondarma "nümayəndə heyəti"nin statusunda, nə də onların yaşadığı ərazilərin statusunda heç nəyi dəyişmir. Onlar Fransa ərazisinə erməni pasportları ilə daxil olub və Azərbaycan Respublikasının ərazisində yaşayan Ermənistan vətəndaşlarıdır. Bu ərazilər Azərbaycan Respublikasının rayonlarıdır.

Eyni zamanda bu səfərlə bağlı Fransanın özünə suallar yaranır.

Niyə Fransa Xarici İşlər Nazirliyi və Ermənistandakı səfirlik heç kim tərəfindən tanınmayan, qeyri-legitim qurumu təmsil edən separatçılara viza verir?

Niyə Fransa ərazisində qondarma "Dağlıq Qarabağ nümayəndəliyi" fəaliyyətini davam etdirir? Bu, Fransanın beynəlxalq və ikitərəfli Fransa-Azərbaycan öhdəliklərini, eləcə də daxili qanunvericiliyi pozması deməkdir.

Separatçıların səfəri və Fransada merlərlə, departament rəhbərləri ilə görüşləri Fransa tərəfinin Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması və etimadın möhkəmləndirilməsinin zəruriliyi barədə açıqlamaları ilə necə uyğunlaşır? Aydındır ki, səfər, görüşlər və edilən açıqlamalar Azərbaycanın müvəqqəti olaraq rusiyalı sülhməramlı kontingentinin yerləşdirildiyi rayonlarında separatçı əhval-ruhiyyəni qızışdırır.

- Bu cür hallarda Fransa tərəfi ənənəvi olaraq hakimiyyə bölgüsü barədə danışır və icra hakimiyyətinin yerli idarəetmə orqanlarının və merlərin işinə müdaxilə edə bilmədiyini bildirir.

- Bu, qeyri-ciddi cavabdır və Fransa tərəfinin məsuliyyətdən qaçmaq cəhdidir. Hakimiyyət bölgüsü mövcuddur, amma bu, Fransanın xarici siyasət sferasına şamil olunmur. 1958-ci il 4 oktyabr Fransa Konstitusiyasının 1, 5, 14, 20, 52 və 72-ci maddələrində qeyd olunur ki, ölkənin xarici siyasət məsələləri respublika prezidentinin müstəsna səlahiyyətindədir. Yerli idarəetmə orqanlarının Baş məcəlləsinin L-1115-1 maddəsi isə nəzərdə tutur ki, yerli idarəetmə orqanları heç bir formada Fransa dövləti tərəfindən tanınmamış xarici qurumlarla təmas qura bilməz və sırf Fransanın beynəlxalq öhdəlikləri çərçivəsində fəaliyyət göstərməlidir. Beləliklə, yerli idarəetmə orqanları rəhbərləri tərəfindən Fransa qanunvericiliyinin pozulması göz qabağındadır.

Bütün bunlardan o qənaətə gəlmək olar ki, bu məsələdə Fransa qanunvericiliyi, o cümlədən konstitusiya Fransa hakimiyyətinin özü tərəfindən pozulur. Bu vəziyyətdə qanuni sual ortaya çıxır: Fransa öz ərazisində yerli idarəetmə orqanlarının xarici siyasət sahəsində fəaliyyətini tənzimləyən qanunvericiliyə əməl olunmasını təmin edə bilmirsə, vasitəçi və həmsədr funksiyalarını necə yerinə yetirəcək?

- Sizin tərəfinizdən hansı addımlar planlaşdırılır?

- Təəssüf, indi elə bir vəziyyət formalaşıb ki, bu məsələdə Fransa qanunvericiliyinin icra olunması Azərbaycanın Fransadakı səfirliyinin öhdəsinə düşür. Bizim artıq uğurlu təcrübəmiz var. Azərbaycanın rəsmi mövqeyinə və Fransanın mövcud qanunvericiliyinə uyğun olaraq müvafiq addımlar atmağı planlaşdırırıq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti