...

Həm azad olunmuş ərazilərin, həm də digər regionların inkişafı dövlət başçısının diqqət mərkəzindədir - TƏHLİL

Siyasət Materials 16 Fevral 2022 19:52 (UTC +04:00)
Həm azad olunmuş ərazilərin, həm də digər regionların inkişafı dövlət başçısının diqqət mərkəzindədir - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına səfəri ölkəmizdə regionların inkişafına olan diqqətin nəticəsidir. Bu, bir daha göstərir ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən biri hər zaman regionların sosial-iqtisadi inkişafı olub.

“Bu gün dövlətimizin ən böyük hədəfi işğaldan azad edilmiş ərazilərin bərpası və insanlarımızın orada yaşaması üçün hər bir şəraitin yaradılmasından ibarətdir. Cənab Prezidentin bu günlərdə Ağdama və Ağcabədiyə səfəri bir daha onu göstərir ki, dövlətimiz bu istiqamətdə uğurla fəaliyyət göstərir və qarşıya qoyduğu bütün hədəfləri reallaşdırır. Ağdam şəhərində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində təməlqoyma mərasimlərinin keçirilməsi, açılışlar bunu bir daha təsdiq etdi”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ağdamda, eyni zamanda, nəqliyyat infrastrukturu, yolların çəkilməsi məsələsi təmin olunur.

“Bir neçə istiqamətdə Ağdama yollar çəkilir, həmçinin Ağdam ilə Füzuli Beynəlxalq Hava Limanı arasında nəqliyyat əlaqəsi qurulur, bu da imkan verəcək ki, həm vətəndaşlarımız, həm də xarici qonaqlar gələcəkdə Ağdama rahat şəkildə gəlib-gedə bilsinlər. Həmçinin, görülən bu işlər xarici şirkətlərin də bu ərazilərə rahat şəkildə investisiya qoymalarına şərait yaradacaq.

Bir məsələni xüsusi qeyd etmək istərdim ki, azad edilmiş ərazilərimizdə həyata geçirilən nəhəng bərpa işləri, sosial obyektlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları hesabına həyata keçirilir”, - deyə deputat bildirib.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərlə yanaşı, digər regionlaerın da inkişafına böyük diqqət yetirilir.

“Ağdamla yanaşı, Ağcabədiyə səfər edən Prezident İlham Əliyev bir sıra mühüm açılışlarda iştirak etdi, o cümlədən“Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış oldu. Ölkəmizdə bu cür iri aqroparkların yaradılması, əlbəttə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Həmçinin, Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışı Azərbaycanda müasir yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş çox mühüm işdir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanın bütün regionlarının inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir”, - deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritet elan olunsa da, digər regionların tarazlı inkişafı gündəmdədir. Digər regionlarda yeni müəsisələr açılır, yeni infrastruktur layihələri istifadəyə verilir. Ağcabədiyə səfəri çərçivəsində də ölkə başçısı Ağcabədi Taxıl Aqroparkında yaradılan şəraitlə tanış oldu.

"Heç də sirr deyil ki, bu gün aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı fərdi təsərrüfatlardan bir neçə dəfə çoxdur. Fərdi təsərrüfatlarda ölkə üzrə taxılın illik orta məhsuldarlığı 30 sentnerə yaxın olduğu halda aqroparklarda və iri fermer təsərrüfatlarında bu rəqəm 70 sentnerə yaxınlaşır.

Bu o deməkdir ki, iri fermer təsərrüfatlarında məhsul istehsalına elmi yanaşma olunur və bütün aqrotexniki xidmətləri vaxtında icra olunduğundan yüksək məhsuldarlığa nail olunur. Ağcabədi Taxıl Aqroparkı da taxılın və digər kənd təsərrüfatı məhsullarının istehsalında yaxından iştirak etməklə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir”, - deyə o bildirib.

A.Badamov qeyd edib ki, müasir infrastruktur yaradılmadan iqtisadi inkişafdan və insanların rifahının yaxşılaşmasından danışmaq çətin olur.

“Cənab Prezidentin Ağcabədidə açılışları etdiyi yeni yol layihələri və yarımstansiya bu ərazilərin sürətli inkişafına və yüksək rahatlığın təmin olunmasına imkan verəcək. O cümlədən, Daxili Qoşunların yeni inşa edilən hərbi şəhərciyində yaradılmış yüksək şərait və müvafiq silah və texnikalarla təchizat ictimai asayişin qorunmasına və təhlükəsizliyin təmin olunmasında daha peşəkar xidmətin təşkilinə şərait yaradacaqdır. Daxili Qoşunların şəxsi heyəti 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak etmişdir. Bu hərbi hissələrdə yaradılan yeni şərait Daxili Qoşunların şəxsi heyətinin daha peşəkarcasına və operativ xidmət aparmasına və Ali Baş Komanadanın hər bir tapşırığının yüksək səviyyədə icra olunmasına imkan yaradacaqdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti