...

YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 14 Aprel 2022 19:35 (UTC +04:00)
YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib (FOTO)

Bakı. Trend:

14 aprel 2022-ci il tarixində YAP Xəzər rayon təşkilatının qərargahında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilmişdir. Konfransda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov, iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Xəzər rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov gənclərin iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən danışaraq vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Yeni Azərbaycan Partiyası gənclərin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə, rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Müasir Azərbaycan gəncləri o cümlədən Xəzər rayon gəncləri də Respublikamızın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edirlər. Bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərimizin Azərbaycanın siyasi-iqtisadi və eləcə də sosial-mədəni sahələrin inkişafına verdikləri böyük töhfələrin şahidiyik. Yeni Azərbaycan Partiyası Gənclərinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsəd və hədəflərə nail olmaqdır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, gəncliyin inkişafına daim dəstək göstərən Yeni Azərbaycan Partiyası gənclərin gücünə, potensialına və istedadına olan güvənin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirir. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini məhz gənclər təşkil edirlər. YAP-ın sıralarına qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə edirlər. Biz gənclərin təklifləri daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində mühüm yer tutur. Biz gənclər dövlət müstəqilliyimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsini cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla davam etdirilməsində görürük. Biz, gənclərin maarifləndirilməsində, düzgün dəyərlərlə vətənpərvər, milli ruhda yetişmələrinin davam etdirilməsində, eyni zamanda, onların yenilikçi, müasir dövrün çağırışlarından agah olaraq daha da inkişaf etmələri istiqamətində işlərimizi qururuq. Bundan sonrakı fəaliyyətimizdə də başlıca məqsədimiz cənab Prezidentin rəhbərliyi dövründə formalaşdırılmış Azərbaycan gəncliyinin sahib olduğu dəyərləri özündən sonrakı gənclərə də ötürülməsi istiqamətində təbliğatların aparılmasıdır.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov üzünü gənclərə tutaraq bildirib ki, gənclik hər zaman inkişaf etməli və dövlətinə, xalqına bağlı olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə biz gənclərə yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar. Elşən Salahov gənclərə hər zaman dövlətimizin bayrağını daim yüksəklərdə tutmaq üçün elm, idman və b. sahələrdə hər zaman öz üzərində çalışaraq inkişaf etmələrini məsləhət görüb.

Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov bildirib ki 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misli görünməmiş bir Qələbə qazanaraq tarixi ədaləti bərpa etdi. Bu tarixi ədalət özlüyündə regionumuza yeniliklər və yeni reallıqlar gətirdi. Bu reallıqların bir istiqaməti olaraq ölkəmizin müstəqilliyinin qorunması, gələcək inkişafının daha da sürətlənməsi, gənclərimizin birbaşa olaraq bu işin əsas aparıcı qüvvəsi olması üçün Yeni Azərbaycan Partiyası Gəncləri də bir sıra istiqamətlərdə fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının gənc fəalı Nərgiz Heybətova çıxış edərək, bildirib ki, biz gənclər ölkədə yaradılmış ictimai-siyasi sabitliyin, əmin-amanlığın bundan sonra da qorunub saxlanması, sosial-iqtisadi inkişaf proseslerinin daha da sürətləndirilməsi və digər ümummilli strateji məsələlərin həll edilməsi istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz potensialımızı əsirgəməyəcəyik. Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.

Daha sonra gənclərlə müzakirə formatında keçən konfransda gənclər öz ürək sözlərini bölüşüb və suallarına cavab alıblar. Sonda Yeni Azərbaycan Partiyasına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti