...

YAP Xətai rayon təşkilatında fəallarla növbəti görüş keçirilib (FOTO)

Siyasət Materials 20 Aprel 2022 16:40 (UTC +04:00)
YAP Xətai rayon təşkilatında fəallarla növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 20-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında bir qrup fəal üzvlərlə görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün dinamik inkişaf yolunda inamla addımlayan Azərbaycanın uğurlarından, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətdə böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının uğurlarımızda rolundan geniş bəhs edib: “Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan düşünülmüş və məqsədyönlü siyasətin, dövrün tələblərinə uyğun təkmil islahatların nəticəsi olaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir. 2020-ci il noyabrın 10-da Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasına qədər hər bir azərbaycanlının bir arzusu, istəyi var idi-Torpaqlarımız işğaldan azad edilsin, ərazi bütövlüyümüz bərpa olunsun, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın. Artıq iki ilə yaxındır ki, qarşımızda dayanan hədəflər daha qürurvericidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdıqdan sonra əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışına nail olmaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafını təmin etməkdir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə Yeni Azərbaycan Partiyasının və onun hər bir üzvünün özünəməxsus rolu, töhfələri vardır: “Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olur. Yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirən, “Güclü dövlət, yüksək rifah!” prinsipini fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan Partiyası xalqın partiyasına çevrildi. Sıralarında bütün təbəqələrdən olan insanları birləşdirən YAP monolit partiya kimi mövqeyini günbəgün möhkəmləndirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Partiyanın sıralarında birləşən üzvlərin təxminən 40 faizdən çoxunu gənclər təşkil edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı gənclərin idarəçilikdə irəli çəkilməsini, təcrübə ilə onların dinamizmi arasında vəhdətin yaradılmasını prioritet məsələ kimi öndə saxlayır. Yeni Azərbaycan Partiyasının fəaliyyətində də bu prinsip əsasdır. YAP-ın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyevin proqram xarakterli çıxışında da bu məqamlar öz əksini tapmışdır.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, partiyanın VII qurultayında qarşıya qoyulan möhtəşəm vəzifələr, yeni Nizamnamənin və Proqramın qəbulu hər bir partiya üzvünün qarşısında konkret tələblər qoyur: “Sıralarında 18 minə yaxın üzvü birləşdirən YAP Xətai rayon təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrini verməyə səy göstərir. Bu məqsəd öz növbəsində təşkilatın üzvlərinə daha fəal olmağa, yeni təkliflərlə, layihələrlə çıxış etməyə, bir sözlə, bütün qüvvə və bacarıqlarını səfərbər etməyə çağırışlar edir.”

Vüqar Rəhimzadə günümüzün əsas müzakirə mövzusu olan və hər birimizdə qürur hissi yaradan Dünya Azərbaycanlılarının V qurultayının Qarabağın tacı, mədəniyyət beşiyimiz, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcəyindən də bəhs edərək bildirib ki, hər bir addımda yenilməz, məğrur xalq olduğumuzu, ən əsası birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk. Şuşa qurultayı bir daha dünyanın diqqətini bu birliyimizə yönəldəcək. Tarixinə sahib çıxan, bu günü ilə qürur duyan, gələcəyə doğru inamla irəliləyən xalq məğlubedilməzdir. Hər birimiz bu gələcəyin daha möhtəşəm, işıqlı olmasına töhfə verməliyik.

Görüşdə çıxış edən fəallardan Həsən Əliyev, Aynur Qənbərova və başqaları ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasında təmsil olunmağın qürurverici və məsuliyyətli olduğunu bildiriblər: “Tarixə adını qalib ölkə kimi yazan Azərbaycanın müstəqilliyinin yenidən bərpasından sonrakı dövrə bələdçilik edən Yeni Azərbaycan Partiyasına, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan bu partiyanın Sədri cənab İlham Əliyevə milyonların sevgisi və inamı şəksizdir. Bu inama əsas verən sözlə əməl birliyi, Azərbaycanın davamlı uğurlara imza atmasıdır. Hər bir Azərbaycan vətəndaşı, hər bir YAP üzvü tarixi Zəfərimizin qarşıya qoyduğu vəzifələrin uğurlu icrasına öz töhfəsini vermək üçün səylə çalışmalıdır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti