...

Prezident İlham Əliyev: İndi bizim qarşılaşdığımız çağırışlar altı ay əvvəlkilərdən tam fərqlidir

Siyasət Materials 16 İyun 2022 10:42 (UTC +04:00)
Prezident İlham Əliyev: İndi bizim qarşılaşdığımız çağırışlar altı ay əvvəlkilərdən tam fərqlidir

Bakı. Trend:

İndi bizim qarşılaşdığımız çağırışlar altı ay əvvəl qarşılaşdıqlarımızdan tam fərqlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Eyni zamanda, mən əminəm ki, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi olacaq. Çünki bu məsələ labüddür, o, artıq bizə yaxınlaşır. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr, həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində baş verəcəkdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir. O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti