...

Şanlı Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb (Müsahibə)

Siyasət Materials 24 İyun 2022 12:27 (UTC +04:00)
Şanlı Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb (Müsahibə)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev ilə müsahibə

- Cənab general-polkovnik, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri kimi Sizin məsul olduğunuz sahələr barədə nə deyə bilərsiniz?

- Sualınıza cavab olaraq ilk öncə xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mənə göstərdiyi yüksək etimadını doğrultmağım istiqamətindəki fəaliyyətimi və artıq bir neçə ildir ki, bu məsul işdə çalışmağımı özüm üçün ən vacib vəzifə hesab edirəm. Ümumiyyətlə, Ordumuzla bağlı əldə edilən hər bir uğurda iştirak etmək böyük qürur və sonsuz fərəh hissi doğurur.

Artıq 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra sübuta yetirildi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü Ordular sırasında öz nüfuzlu mövqeyini daha da artırıb. Bizim Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun daim yüksək olması reallığı həm də hərb elminə yeniliklər gətirib. Təbii ki, bütün bu uğurlar asan əldə edilməyib və böyük zəhmətlər hesabına qazanılıb. Bu məqamda biz cənab İlham Əliyevin qətiyyəti, iradəsi və praqmatikliyi faktorunu özəlliklə vurğulamalıyıq.

- Cənab general-polkovnik, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə sayılı günlər qalıb. Bununla əlaqədar fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.

- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrimizin şəxsi heyətini təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıram. Doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, qazilərimizə şəfa diləyirəm.

Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev1998-ci ildə imzaladığı müvafiq Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm addım atdı və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə azərbaycanlıların hərbi məktəblərə daxil olmalarının təmin edilməsi, zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi, hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması ordu quruculuğu sahəsində milli maraqlarımızın nəzərə alınması istiqamətində aparılan siyasətin bünövrəsini təşkil edirdi. Xalqın təkidli çağırışlarına səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğu sahəsində tarixi qərarlar qəbul etdi və genişmiqyaslı islahatlara start verdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər ilk növbədə ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu. Silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı, dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Müəyyən qrupların və siyasi dairələrin şəxsi maraqlarına xidmət edən silahlı dəstələr buraxıldı, ayrı-ayrı qoşun növlərinin, hərbi hissələrin formalaşdırılması prosesi qısa müddət ərzində tam başa çatdırıldı, eyni zamanda orduya çağırış və fərarilik halları ilə bağlı problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı və maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirərək müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamlı və yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına nail oldu.

Dünya miqyasında ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Ötən illər ərzində Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb və bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

- Cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlara necə şərh verərdiniz?

- Cənab Ali Baş Komandan İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur.

Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyev cənabları bu məsələlərə yüksək diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Bu xüsusda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir. Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunmasını ən yüksək səviyyədə həyata keçirir.

- Ötən ilin 26 Fevral tarixində keçirilən mətbuat konfransında Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı hərbi perspektivdən danışarkən demişdi: “Türkiyə ilə hərbi sahədə iş birliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib". Azərbaycanda türk ordusunun modelini yaratmaq istiqamətində görülən işlər barədə məlumat verə bilərsinizmi?

- Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə mütəmadi qaydada genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Onu da qeyd edim ki, hər bir təlim daha geniş miqyası ilə digər təlimlərdən öz yeni və çox əhəmiyyətli strategiyaları ilə fərqlənir. Bu baxımdan, iki qardaş ölkənin Silahlı Qüvvələri daim dünyanın diqqət mərkəzində dayanır, ölkələrimizin hərbi gücünü, qüdrətini daha geniş sferada nümayiş etdirir. Təbii ki, yeni standartlar da qəbul edilir və icra olunur. Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları Komando birliklərinin hazırlanması istiqamətində öz mühüm tapşırıq və tövsiyələrini verdi və artıq Azərbaycanın ərazilərini istənilən təhlükədən müdafiə edən çox güclü, peşəkar və kifayət qədər potensialı olan Komando birlikləri mövcuddur. Həmin perspektivlər isə əlbəttə ki, inkişaf etdirilir və hərbi modelin təkmilləşdirilməsi amili də daim nəzərtə tutulur.

Digər sahələrlə yanaşı, bizim hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlığımız mövcuddur və bu çox önəmli faktordur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil. Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir. Cənab Prezident İlham Əliyevin Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da genişləndiriləcəyi barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədir.

- Məhərrəm müəllim, ümumilikdə post-müharibə dövründə həyata keçirilən işlər barədə nə deyə bilərsiniz? Məhərrəm müəllim, istərdim ki, bir qədər də Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesindən danışaq.

- Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər. Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz. Onu da qeyd edim ki, artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.

Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır.

Təəssüf ki, dünyada ikili standartlar reallığı bu gün də qalmaqdadır. Bir sıra siyasi dairələrin Ermənistanın təxribatçı əməllərinə göz yummaları, hətta ona dəstək vermələri isə onların özlərinin qəbul etdikləri hüquq prinsiplərini pozur. Lakin Azərbaycan müstəqil dövlətdir və onun maraqlarına qarşı atılan istənilən adımın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ermənistanın təxribatlarına haqq qazandıran dairələr isə yaxşı olardı ki, ədalətin yanında yer alsınlar və 30 il boyunca Azərbaycanın üzləşdiyi ağır nəticələri xatırlasınlar. Əgər bunu da edə bilmirlərsə, tövsiyə edərdik ki, öz daxili problemlərini həll etməklə məşğul olsunlar. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü və suverenliyini tələb olunan normalar çərçivəsində təmin edir və Ermənistan tərəfinin təxribatlarına qətiyyətli cavab verməyə daim hazırdır.

Bildiyimiz kimi, artıq delimitasiya istiqamətində işçi qruplar fəaliyyət göstərir, görüşlər keçirilir və bütün bunlara rəğmən, sərhədlərimizin möhkəmləndrilməsi və bərpası işləri tam sürətlə davam etdirilməkdədir.

- Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Məlumdur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Belə ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər və aparılan struktur islahatları nəticəsində bütün bu təhsil müəssisələri mərkəzləşdirilmiş şəkildə ordumuzun elm və hərbi təhsil sahəsidə daha yüksək nəticələrin əldə etməsinə təkan verəcəkdir.

- Məhərrəm müəllim, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlar azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icra vəziyyətinin yoxlanılması üçün hərbi hissələrə səfər etmisiniz. Görülən işləri necə qiymətləndirirsiniz?

- Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün fəaliyyətimizi davam etdiririk. Biz bir neçə dəfə əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıllıq xarakter daşıyır.

Bu işlərin aparılmasında cənab Prezidentin tövsiyələrindən irəli gələn məsələlərin qısa müddətdə həllini tapması daim diqqətdə saxlanılmaqdadır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri müvafiq qaydada həyata keçirilir. Eyni zamanda sərhəd-döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Ümumiyyətlə, mümkün təxribat cəhdlərinin qarşısının alınması istiqamətində görülən hər bir iş, həyata keçirilən hər bir tədbir bu gün ərazilərimizin mühafizəsində mühüm rol oynayır.

- Türkiyə Prezidentinin yaxın günlərdə imzaladığı yeni qərar İlə Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi yaradılacaq. Sizcə, bu qərar Azərbaycan üçün hansı imkanlar yaradacaq?

- Təbii ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur. Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi isə qarşıya yeni vəzifələr qoyur və ən əsası, yaxın zamanlarda birgə istehsal müəssisələrinin də yaradılması üçün geniş imkanlar açır.

- “TEKNOFEST Azərbaycan” Aerokosmik və İnnovasiyalar fesitvalını necə dəyərləndirirsiniz?

- Dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in Azərbaycanda təşkil edilməsi Azərbaycan ilə Türkiyə arasında dostluğun, qardaşlığın və strateji müttəfiqliyin daha bir göstəricisidir.Digər tərəfdən “TEKNOFEST” festivalının ilk dəfə Türkiyə hüdudlarından kənarda, Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Çünki, “TEKNOFEST” festivalı beynəlxalq brendə çevrilməsi üçün məhz Azərbaycandan start götürdü.

Prezident İlham Əliyevin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak etməsi bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, möhkəmliyini və möhtəşəmliyini sübut etdi. Söz yox ki, “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə birliyinin növbəti nümayişi, uğurlu təzahürü oldu və eyni zamanda, bu gün nəinki regional, hətta qlobal miqyasda Azərbaycan-Türkiyə birliyi və qardaşlığı önəmli amilə çevrilib. Beləliklə, Dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Həmçinin bu, bir mesajdır ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bir yerdə irəliyə doğru addımlayacaq, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək, dünyaya öz sözlərini deyəcəklər.

Hesab edirəm ki, “TEKNOFEST Azərbaycan” fesitvalı ölkəmizdə bir çox sahədə texnoloji inkişafa, o cümlədən gənclərin müdafiə sənayesinə, aerokosmik sistemlərə marağının daha da artmasına, ümumilikdə Azərbaycanın innovasiya ekosisteminin hərtərəfli inkişafına böyük təkan verəcək.“TEKNOFEST Azərbaycan” festivalına maraq göstərdi ki, bugünkü azərbaycanlı gənclər yeni innovativ məhsullar yaratmaqda iddialıdırlar.

- 2022-ci il 6-8 sentyabr tarixlərində ADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək. Sizcə, ADEX sərgisi Azərbaycanın hərbi-sənaye kompleksinə necə töhfə verir?

- Qeyd edim ki, Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. O cümlədən, “ADEX” sərgisi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə də geniş şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ADEX” sərgisini ənənəvi olaraq ziyrəti dövlət rəhbərliyinin bu sərgiyə göstərdiyi yüksək diqqətin təzahürüdür.Sərgi dünyanın bir sıra qabaqcıl dövlətlərinin nüfuzlu şirkət, təşkilat, qurum və nümayəndə heyətlərini bir araya gətirməklə respublikamızın və xarici ölkələrin güc strukturlarına ən müasir hərbi texnologiyaların, geniş çeşiddə silah və sursatların, o cümlədən bu sahədə bir sıra yeniliklərin təqdim edilməsində mühüm rol oynayır. Bu sərgidə iştirak edən ölkələrin sayının getdikcə artması onun bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiq edir. Xarici ölkələrin dövlət qurumları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığının və əhəmiyyətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir. Bütü bu kimi amillər isə əlbəttə ki, Azərbaycanın hərbi sənayesinin inkişafına, tərəqqisinə öz töhfələrini verməkdədir.

Ən əsası odur ki, “ADEX” kimi bir sərginin Azərbaycanda təşkil olunması müdafiə sənayemizin öz potensialını daha yaxından tanıtmasına şərait yaradır. “ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı iştirak edən yerli şirkətlərin də sayı artıb, yerli hərbi sənayemizin innovasiyaları böyük marağa səbəb olur.Yaxın perspektivdə bu siyahıya yeni istehsalçıların da qoşulacağı şübhəsizdir.Bu gün həm də regional əhəmiyyətli müdafiə sənayesi platforması olan “ADEX” platformasından region ölkələri də yararlana bilər.

- Cənab general-polkovnik, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

- Bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xeyli işlər görülür və biz əminik ki, illər boyu xarabalıq şəraitində olan doğma ərazilərimiz digər bölgələrimiz kimi hərtərəfli inkişaf edəcəkdir.

Silahlı Qüvvələrimiz cənab Ali Baş Komandanımız İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə, xalqımızın və dövlətimizin etimadını şərəflə doğrultmağa daim hazırdır.

Mən bir daha bütün hərbi qulluqçuları Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti