...

“Qisas” əməliyyatı barədə həqiqətlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Siyasət Materials 12 Avqust 2022 13:08 (UTC +04:00)
“Qisas” əməliyyatı barədə həqiqətlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Bakı. Trend:

Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan ordusunun “Qisas” əməliyyatı barədə həqiqətlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Ölkənin aparıcı xəbər agentlikləri bu ilin avqust ayının əvvəlində Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın təxribatlarına cavab olaraq baş vermiş qanlı toqquşmalar barədə geniş məlumatlar yayıblar.

Xəbərlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən, qanunsuz erməni birləşmələrinin Azərbaycanın Laçın rayonu ərazisində yüksəkliyi ələ keçirmək cəhdinin qarşısının ordumuz tərəfindən alındığı bildirilib. Azərbaycan silahlı qüvvələri tərəfindən uğurla həyata keçirilmiş “Qisas” əməliyyatının Ermənistanın qanunsuz silahlı birləşmələrinin ölkəmizin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində artan təxribatlarına və atəşkəs rejimini pozmasına cavab olduğu barədə məlumat verilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən, baş vermiş silahlı gərginliyə görə bütün məsuliyyətin hələ də öz qanunsuz silahlı birləşmələrini qonşu ölkənin ərazilərindən çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyü qeyd edilib. Bildirilib ki, Ermənistanın bu təxribatları Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli sazişlərin, habelə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır.

Yayılan xəbərlərdə Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatın tamamilə ölkəmizin suveren ərazilərində baş verdiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti